Azərbaycanda dövlət satınalmalarında iştirak edən təchizatçılar artıq satınalan təşkilatlara məhkumluq barədə arayışları vahid internet portal vasitəsilə təqdim edə biləcəklər. SİA xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli qərarına əsasən, “İnformasiya resurslarının dövlət satınalmalarının vahid internet portalına inteqrasiyası hədləri” təsdiq edilib. Bu qərar çərçivəsində bir sıra dövlət qurumları ilə etender.gov.az portalının inteqrasiyası nəzərdə tutulur.
Dövlət Xidməti ilə Daxili İşlər Nazirliyinin birgə icra etdiyi layihə çərçivəsində, “hüquqi şəxs və ya fərdi sahibkarın icra orqanının rəhbərinin satınalmaya dair elanın verilməsindən (dəvətin göndərilməsindən) əvvəlki 5 il ərzində iqtisadi sahədə cinayətlərə, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərə, kibercinayətlərə, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma cinayətlərinə görə məhkum olunmaması barədə məhkəmə qərarı haqqında məlumat” portala arayış formasında ötürüləcək.
Bu inteqrasiya sayəsində dövlət satınalmalarında iştirak edən təchizatçılar uyğunluq göstəriciləri və məhkumluq barədə məlumatları birbaşa şəxsi kabinetlərindən sorğu edə biləcəklər. Yeni funksiya arayışların saxtalaşdırılma riskini tam aradan qaldırmaqla yanaşı, əlavə vaxt itkisinin də qarşısını alacaq.
Prosesin həyata keçirilməsi zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Milli Məlumat Mübadiləsi Sistemi (“digital.bridge”) vasitəsilə zəruri məlumatların ötürülməsi və arayışların rəqəmsal formada təqdim edilməsi təmin edilir. Bununla da, müraciət zamanı kağız daşıyıcıda sənədlərin istifadəsi minimuma endirilir.