“Yaşadığımız həftənin önəmli hadisələrindən biri də Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrədə keçirilən ənənəvi Dünya İqtisadi Forumunun illik toplantısında iştirakı və bu səfər çərçivəsində keçirdiyi mühüm görüşlərdir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.
Onun sözlərinə görə, bəllidir ki, bu forumun hər il keçirilməsində əsas məqsəd dövlət və hökumət rəhbərlərinin, beynəlxalq qurumların, iş və elm adamlarının, nüfuzlu siyasətçilərin, iqtisadçıların müzakirəsini və qarşılıqlı əməkdaşlıqları təşkil etməkdir: “Azərbaycan sürətli inkişafda olan ölkələrdən biri kimi, bu platformadan da maksimum yararlanır. Beynəlxalq aləmlə əməkdaşlığın, investisiya cəlbinin yüksəlməsində, əlaqələrin möhkəmlədilməsində ölkə rəhbərliyinin Davos Forumunda davamlı iştirakının mühüm rolu var.
Bilirsiniz ki, həm siyasi, həm də iqtisadi baxımdan Azərbaycan dünyanın diqqət mərkəzində olan ölkələrindən biridir. Qarabağın azadlığından, ölkəmizin suverenliyinin ta bərpasından sonra bu diqqət daha da artıb. Hazırda bir çox ölkələr Qarabağda həyata keçirilən yenidənqurma və abadlıq işlərinə qoşulublar.
Azərbaycan reallıqlarıınn, ölkəmizin potensialının daha detallı təqdimatı üçün Davos Forumu ciddi tribunalardan biridir. Bu Forum təkcə iqtisadi əhəmiyyətə malik deyil, həm də böyük siyasəi əhəmiyyətə malikdir. Bu nöqteyi-nəzərdən Davos Forumunda müzakirələr, təqdimatlar, bəyanatlar üçün mükəmməl, vacib tribunadır, platformadır. Azərbaycan bu platformadan maksimum yararlanmağa çalışır.
Azərbaycan Prezidentinin Davos Forumunda verdiyi açıqlamalar hər zaman dünyada diqqətlə izlənilib və böyük müzakirələr yaradıb. Davos İqtisadi Forumu yeni dünya düzəni formalaşdığı, yeni qaydalar müəyyənləşdiyi bir dönəmdə ikiqat vacib bir platforma kimi xarakterizə edilir. Bu dönəmdə Azərbaycan ölkəyə daha çox xarici investisiyanın cəlbində maraqlıdır və hesab edirəm ki, ölkə Prezidenti İlham Əliyevin bu forumda keçirdiyi və keçirəcəyi müzakirələr qısa zamanda böyük şirkətlərin Azərbaycana gəlişi ilə nəticələnəcək.
Forumun ilk və ikinci günündə (20 və 21 yanvar) Prezident İlham Əliyev Davosda CGTN (China Global Television Network) telekanalına müsahibə verib, “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru Nik Studer ilə görüşüb. Nik Studer “OliverWyman Group” şirkətinin beynəlxalq strateji idarəedici şirkət olaraq ölkəmizdə müxtəlif qurumlarla mümkün əməkdaşlıq istiqamətlərinə toxunub, Azərbaycanın iqtisadi transformasiya prosesinin, sığorta, maliyyə bazarının müxtəlif istiqamətlərinin inkişafı, enerji sektorunda, o cümlədən ənənəvi və yaşıl enerji sahələrində həyata keçirilən layihələrə, kənd təsərrüfatı məhsullarının ixracına, bölgədə yeni ticarət imkanlarını əhatə etməklə dəyər zəncirinin lokallaşdırılmasına maraq göstərdiklərini qeyd edib.
Dövlətimizin başçısı şirkətin Azərbaycana marağını dəstəkləyərək, ölkəmizin müvafiq qurumları ilə “OliverWyman Group” arasında əməkdaşlığın qurulması məsələlərinə toxunub. Azərbaycan Prezident yanvarın 21-də həmçinin, Davosda qarşı tərəfin müraciəti əsasında Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə görüşüb. Bu günlərdə çoxsaylı görüşlər keçiriləcək və mühüm nəticələr əldə olunması da şübhəsizdir”.
Ayşən Vəli