"Gürcüstanın Baş naziri dövlət başçısının təcrübəsini qəbul edir" - ŞƏRH EDİLDİ

21 Yanvar 2025 13:11 (UTC+04:00)

"Gürcüstan Azərbaycanın ən yaxın qonşusu və strateji mütəffiqidir. Gürcüstanda son dövrlərdə baş verən hadisələr, Qərbin sərt müdaxilələri onu çətin vəziyyətdə qoydu. Amma gürcü xalqı və hakimiyyəti əhalinin iki yerə parçalanıb, düşmən tərəfə çevrilməməsi üçün mümkün olanları etdi. Təbii ki Gürcüstanda keçirilən parlament seçkilərində də iqtidar partiyası olan “Gürcü arzusu” qalib gəldi. Hökümətin Baş nazir İrakli Kobaxidzen simasında yenidən qurulması Gürcüstanın kənar müdaxilələrdən qorunması imkanı verdi. Amma Gürcüstan Baş nazirinin xarici səfərinin ilk bizə etməsi onu göstərir ki, Azərbaycan və Gürcüstan sözün həqiqi mənasında bütün səviyyələrdə münasibətləri qurub, həmçinin bu münasibətlər yüksək səviyyədə inkişaf edir". Bu sözləri Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Anar İsgəndərov SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, tarix boyu hər iki xalq bütün çətinliklərə baxmayaraq, dostluq, mehriban qardaşlıq münasibətlərinə önəm verib: "Təsadüfi deyil ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına 3.6 mlrd dollar sərmayə qoyub. Bu da onu göstərir ki, bu iki dövlət arasında iqtisadi münasibətlər ən yüksək səviyyədədir. Enerji sahəsində hamıya məlumdur ki, "Əsrin" müqaviləsi bağlananda da Azərbaycan tərəfi neft kəmərlərinin bu ölkədən keçməyini bildirdi. Gürcüstan isə təbii ki tranzit ölkə olaraq həmin kəmərlərdən kifayət qədər gəlir əldə edir. Orta Dəhliz demək olar ki, artıq reallıqdır. Bunun reallaşması həm Azərbaycana, həm də Gürcüstana əlavə dividentlər gətirir və bu da münasibətlərin daha da inkişafına gətirib çıxara bilir. Azərbaycan-Gürcüstan arasında dostluq və qardaşlıq münasibətləri yeni dövrün münasibətləri deyil, bunlar tarix boyu mümkün və mövcud olub. Xalqlar hər zaman bir-birilərinə kömək olublar. Azərbaycan-Gürcüstan öz müstəqilliyini bərpa etdikdən sonra ən gözəl münasibətlər bu iki dövlət arasında mümkün olub. Heydər Əliyevin dövründə də bu münasibətlər kifayət qədər inkişaf etmişdir".

Həmçinin o qeyd edib ki, Azərbaycan dövlət başçısı Prezident İlham Əliyev Gürcüstana bir dövlət, bir rəsmi, doqquz işgüzar səfər etmişdir: "Bütün bunlar da onu göstərir ki, Azərbaycan-Gürcüstan həmişə bir-birilərini münasibətdə, beynəlxalq nüfuzlu təşkilatlarda müdafiə etmişlər və hər zaman qarşılıqlıdır. Gürcüstanın Baş nazirinin Azərbaycanda olması və İlham Əliyevə müraciətdə "Siz hamınıza nümunəsiz, biz sizdən öyrənirik" ifadələri onu göstərir ki, qonşu dövlətlərin hər biri Azərbaycana dəyər verir, dövlət başçısının qətiyyətini təqdir edib, təcrübəsini qəbul edir, münasibətdə Azərbaycanı özünə ən yaxın, səmimi dövlət kimi qəbul edir. Azərbaycan-Gürcüstan arasında münasibətlər təkcə iki dövlət arasında deyil, Cənubi Qafqazda sülh və əmin-amanlığa xidmət edən siyasətdir. Azərbaycan arzu edir ki, Ermənistanda sülh müqaviləsinə imza atmaqla Cənubi Qafqazı "Qafqaz evinə" çevirsin və burada sülh və əmin-amanlıq şəraitində yaşasınlar".