Kosovo prezidenti Vjosa Osmani ölkəsinin beynəlxalq təşkilatlara üzvlüyü, daha çox ölkə tərəfindən tanınması və müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün “Türkiyənin ölkəsinə dəstəyinin davam etməsini” istəyib.
SİA-nın məlumatına görə, Kosovo Prezident Aparatından verilən məlumata görə, prezident Osmani Türkiyənin Priştinadakı səfiri Sabri Tunç Anqılı ilə görüşüb.
Görüş zamanı Kosovoda baş verən son siyasi proseslər və iki ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsi kimi məsələlər müzakirə edilib.
Osmani görüşdə Türkiyənin davamlı dəstəyini və iki ölkə arasında dostluq əlaqələrini yüksək qiymətləndirərək, Türkiyənin Kosovonun strateji tərəfdaşı və güclü dəstəkçisi olduğunu vurğulayıb.
Dövlət başçısı V.Osmani Kosovonun beynəlxalq təşkilatlara üzv olması, daha çox ölkə tərəfindən tanınması və müdafiə sahəsində əməkdaşlığın dərinləşməsi üçün “Türkiyənin Kosovoya dəstəyi davam etməlidir” ,-deyə dilə gətirib.
Görüş zamanı iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və uzunmüddətli əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə edilib.