Serbiyanın paytaxtı Belqrad şəhərində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. SİA xəbər verir ki, Azərbaycanın Serbiyadakı səfirliyinin təşkilatçılığı ilə baş tutmuş tədbirdə səfirliyin heyəti, Azərbaycan icmasının nümayəndələri, Azərbaycan Mədəniyyət və Dil Mərkəzi və “AzVirt” şirkətinin nümayəndələri iştirak ediblər.
Səfir Kamil Xasiyev qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun və daxili qoşunlarının Bakı, Sumqayıt, Lənkəran və Neftçala şəhərlərində mülki əhaliyə qarşı törətdiyi qətliam, Azərbaycanın müstəqillik və ərazi bütövlüyü uğrunda apardığı mübarizənin əzmini qıra bilməyib. O bildirib ki, bu vəhşi hərbi təcavüz nəticəsində 150 nəfər mülki şəxs həyatını itirib, 744 nəfər ağır yaralanıb və 4 nəfər itkin düşüb.
Səfir bildirib ki, hadisənin ertəsi günü Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında bu vəhşiliyə qarşı kəskin etirazını bildirib, təqsirkarların adlarını cəsarətlə dünyaya bəyan edib. Müstəqilliyimizin bərpasından və Ulu Öndərin ölkəmizdə yenidən hakimiyyətə qayıtmasından sonra 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi təmin edilib və bununla bağlı 1994-cü ilin martında Milli Məclis tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul olunub.
Hüzn əlaməti olaraq Azərbaycan Respublikasının Dövlət Bayrağı səfirliyimizin ərazisində yarıya qədər endirilib, 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçıları Taşmaydan parkına gələrək Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.