Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğu və SOCAR Kulevi Neft Terminalının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. SİA xəbər verir ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Batumidəki Baş konsulu Fuad Əzizov xalqımızın qəhrəmanlıq tarixinə nəzər salıb, 1990-ci il yanvarın 20-də baş vermiş faciənin baş vermə səbəbləri barədə danışıb. Bildirib ki, 35 il bundan əvvəl baş vermiş bu hadisə xalqımızın yaddaşına əbədi həkk olunub. Bu hadisələr faciəli olmaqla yanaşı, Azərbaycan xalqının tarixində şanlı qəhrəmanlıq səhifəsidir. Faciə qurbanları heç vaxt unudulmayacaq.
Diplomat qeyd edib ki, hadisə baş verən günün səhəri xalqımızın Ümummilli Lideri Heydər Əliyev özünün və ailə üzvlərinin həyatı üçün yaranmış təhlükəyə baxmayaraq, Moskvada Azərbaycanın Daimi nümayəndəliyinə gəlib, Bakıda törədilən hərbi cinayətə etirazını bildirib, günahkarların cəzalandırılmasını tələb edib və etiraz əlaməti olaraq Kommunist Partiyasının sıralarından çıxdığını bildirib.
Tədbirdə Baş konsulluğun əməkdaşları, SOCAR Kulevi Neft Terminalının rəhbəri İlqar Əli-zadə başda olmaqla terminalın kollekti, ictimaiyyət nümayəndələri və soydaşlarımız iştirak ediblər.
Anım mərasimində 20 yanvar faciəsi zamanı Sovet qoşunları tərəfindən törədilmiş qırğının nəticələri və onlara qarşı müqavimət göstərən cəsarətli dənizçilərimiz haqqında, həmçinin qanlı yanvar nəticəsində milli azadlıq, müstəqillik yolunda şəhid olanların qəhrəmanlığından bəhs edən sənədli film nümayiş etdirilib.
Matəm günündə Azərbaycanın Batumidəki Baş Konsulluğunun binasında dövlət bayrağı yarıya qədər endirilib.