Naxçıvanda 20 Yanvar faciəsinin 35-ci ildönümü yad edilib - FOTOLAR

20 Yanvar 2025 15:43 (UTC+04:00)

Yanvarın 20-də Naxçıvan Muxtar Respublikasında 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd edilib. SİA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, Ali Məclisin deputatları, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulları, Naxçıvan Qarnizonu qoşunlarının heyətləri, “Naxçıvan Qaziləri” və “Naxçıvan Şəhid Ailələri” ictimai birliklərinin üzvləri və yüzlərlə sakin şəhidlərimizin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər xiyabanına gəliblər. Əvvəlcə hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra səlahiyyətli nümayəndə, dövlət və hökumət nümayəndələri şəhidlərin məzarlarını ziyarət edib, hər birinin üzərinə tər qərənfillər düzüblər.

Fuad Nəcəfli şəhidlərin ailə üzvləri ilə görüşüb, ehtiramını ifadə edib.

1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türkiyə ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidə və xiyabandakı Ana abidəsi də ziyarət olunub, önünə güllər düzülüb.