20 Yanvar Azərbaycan tarixinin qanla yazılmış, lakin eyni zamanda xalqımızın azadlıq uğrunda mübarizəsinin qürurla xatırlandığı bir səhifəsidir. Hər il bu tarixdə milyonlarla insan Şəhidlər Xiyabanına, öndə gedənlərin Vətən uğrunda can verdiyi bu müqəddəs torpağa güllər qoymağa, onların ruhuna dualar oxumağa gəlir. Bu gün, biz yalnız keçmişi yad etmirik, şəhidlərin bizə verdiyi əziz vətən sevgisini, müstəqillik uğrunda mübarizəni, onların qurbanlarını bir daha xatırlayırıq. SƏS TV olaraq 20 yanvar günü ilə bağlı Şəhidlər Xiyabanında vətəndaşların və rəsmilərin fikirlərini öyrəndik.
Hərbi ekspert Elmar Hüseynov: "20 yanvar xalqımızın oyanış və özünüdərketmə nöqtəsi idi. Azərbaycan xalqı üzərində Kommunist Partiyasının olmasına baxmayaraq öz milli mübarizəsinə başlamışdı. İnsanlar Bakıya tanklar yeridiləcəyini bilirdi, lakin onlara atəş açılacağını düşünmürdü. Çünki o mövqedə dayanan hər kəs 11-ci Qızıl Orduda xidmət etmişdi, onların ailələrinə hörmət edirdilər. Həmçinin onlar daxili aləmdə Sovet hökumətinin hümanistliyindən danışırdılar. Amma əfsuslar olsun ki, Azərbaycan xalqının özünü tanıması və torpaqlarının parçalanma faktorları ilə barışa bilmədi. Qarbaçov ilk növbədə Azərbaycana müdaxilə etməmişdən qabaq, Ümummilli Lider Heydər Əliyevi mərkəzi bürodan uzaqlaşdırmağa çalışırdı. Çünki Heydər Əliyev Azərbaycanın müdaifə faktoru idi. O zaman gedib o səviyyəyə çatmaq hər bir şəxsin işi deyildi. Heç bir müdaxilə olmadan Azərbaycan xalqının dəfninə maneə olmağa çalışırdılar. Mən gücümüzün, əqidəmizin yenidən ayağa qalxmasını 44 günlük Vətən müharibəsində gördüm".
Məktəbli Zəhra Mehralıyeva müəllimlərinin onlara öyrətdiyi şeiri səsləndirib:
"Qatil gülləsinə qurban gedərkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən torpağına çəkdi şəhidlər".
Ziyarətçi Veysəl Qafarov: "20 Yanvar hadisələrindən 35 il keçir. Allah şəhidlərimizə rəhmət etsin. Mən 20 yanvar hadisələrində olmuşam. O zaman metro açıq idi və mən orda işləyirdim, insanları necə qırdıqlarını gözümlə görmüşəm. Tanklarla maşınları əzib tökürdülər".
Digər məktəbli Zəhra Babayeva isə öz hisslərini şeiri ilə belə ifadə etdi:
"Qurban olum sizdə olan qeyrətə,
Öz canını qurban verən millətə,
Sizə qıyan düşmən gəlsin lənətə,
Göz yaşımı sildim-sildim ağladım.
İllər, aylar ötdü keçdi,
Nələr yaşadı xalqımız,
Qanlar axdı, canlar yetdi,
Azad oldu torpağımız".
Müharibə veteranı Fəxrəddin Mehdiyev: "20 Yanvar qanlı gecəsində özümdə igidlərimizlə bir yerdə bu küçələrdə olmuşuq. Eyni zamanda səhər dəfn mərasimində iştirak etmişəm. Allah bütün şəhidlərimizə rəhmət etsin. Onlar müstəqilliyimiz uğrunda ilk şəhid olan vətəndaşlarımızdır. Mən birinci Qarabağ müharibəsində döyüşmüşəm, müharibə veteranıyam. Bugün də şəhidlərimizi ziyarət etməyə gəlmişik".
İkinci Qarabağ müharibəsi veteranı Qardaş Nəzərov: "İnşallah Allah bizə bir də belə hüznlü günlər yaşatmaz. Şəhidlərimizin ruhları şad olsun ki, biz torpaqlarımızı geri qaytara bildik. Şəhidlər Xiyabanına gəldikdə mən çox kədərli hislər keçirirəm. 1990-cı illərdə olan birinci Qarabağ müharibəsini görməsəm də, ikinci Qarabağ müharibəsində onların qisasını almaq mənim üçün həm fəxr, həm də kədər hissidir".
Qeyd edək ki, 20 Yanvar hadisələri xalqımızın müstəqillik yolunda keçdiyi ən ağrılı, amma ən şərəfli günlərdən biri olaraq tarixdə qalacaq. O gün şəhid olan qəhrəmanlarımızın qanı ilə azadlıq ağacı suvarıldı və bugünkü müstəqilliyimizin təməli qoyuldu. Şəhidlər xiyabanında uyuyanların ruhuna borcluyuq – həm azadlıq uğrunda mübarizəni davam etdirməklə, həm də tariximizi unutmamaqla. Unutmayaq ki, 20 Yanvar yalnız matəm günü deyil, həm də xalqımızın yenilməzliyinin simvoludur!.