“Turun ilk oyunu “Qarabağ” - “Şamaxı” matçı qol sayı ilə yadda qaldı”. Bunu SİA-ya futbol üzrə Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.
O, Azərbaycan Premyer Liqasının XIX turunda keçirilən oyunları şərh edib.
Mütəxəssis bildirib ki, Ağdam təmsilçisi tez bir zamanda hesabda önə keçsə də, “Şamaxı” bunu cavabsız qoymayıb: “Bu da onu göstərdi ki, “Şamaxı” rəqibdən çəkinməyərək, səfərdə açıq futbol oynamağa üstünlük verdi. Bu baxımdan son turlarda “Şamaxı”da irəliləyiş hiss olunur. Komanda da baş verən dəyişiklikdən və oyunçularla bağlı verilən qərarlardan sonra heyətdəki abu-hava çox yaxşı şəkildə dəyişib. “Qarabağ”da hazırda problemlər var. Xüsusilə müdafiədə zədəliləri ilə bağlı problemləri var. Bu baxımdan Ağdam təmsilçisi qələbəni asan qazanmadı amma daha çox Avroliqa oyunun düşündüyünü zənn edirəm”.
Əsədov vurğulayıb ki, “Zirə” - “Araz Naxçıvan” (1:0) oyunu maraqlı keçdi: “Bu komandalar turnir cədvəlində bir-birinə yaxındır. Hər birimiz üçün maraqlı idi ki, hər iki komanda da yaxşıya doğru hansı dəyişikliklər olub. Oyunda ilk dəqiqələrdən “Zirə” qol vurdu və bunu sonadək qoruyub-saxlaya bildi. Mən deyərdim ki, “Araz Naxçıvan” zəif oyunlarından birini keçirdi. Elə də çox qollu anlar olmadı”.
Onun sözlərinə görə, “Sumqayıt - “Səbail” (2:0) oyunu da maraqlı keçib: “Burada da “Sumqayıt” ən zəif oyununu göstərdi. “Səbail” bu matçda daha istəkli idi. “Sumqayıt”dan fərqli olaraq qələbə əzmində idilər. Yaxşı oyunla nəticə əldə etdilər. Fasilədən sonra “Səbail” daha çox üstünlük əldə elədi.
“Kəpəz” - “Turan Tovuz” (5:2) oyununun baxımlı keçdiyini vurğulayan futbol eksperti bu matçda Tovuz təmsilçisinin üstün olduğunu deyib: “”Araz Naxçıvanın”da şansını itirməsindən sonra bu hal “Turan Tovuz” üçün əla fürsət idi. Lakin “Kəpəz” xal fərqini təmin etmək üçün böyük motivasiya ilə oyuna başlamışdı. Baxmayaraq ki, Tovuz təmsilçisi hesabda 2 dəfə önə çıxsa da, “Kəpəz” ikinci hissədə daha çox önə çıxaraq layiqli qələbə qazandı. “Turan Tovuz” komandası zəif oyun nümayiş etdirdi. Heyətdəki problemlərin buna təsir etməsi xüsusilə də bu problem müdafiədə özünü göstərirdi. Orta xəttə dəyişikliklər olmuşdu həm Rəhim Sadıqov, həm də Orxan Əliyev heyətdə idilər. Görünən odur ki, hələ yeni futbolçular komandaya adaptasiya olmayıblar”.
Sabiq məşqçi “Neftçi” - “Sabah” matçında hər iki komanda üçün 3 xalın vacibliyindən danışıb: “Lakin əfsuslar olsun ki, sönük bir oyun izlədik. Çox az qol epizodları oldu. Hesabda oyuna uyğun şəkildə bitdi. “Sabah” daha çox topla oynasa da, böyük bir dəyişiklik olmadı. Hər iki komanda bu oyunda xal itirdi”.
Qeyd edək ki, XIX turun ilk matçı olan “Qarabağ” - “Şamaxı” qarşılaşması 3:2 hesabı ilə başa çatıb.
Banuçiçək Hüseynli