Səhiyyə Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad edib

20 Yanvar 2025 13:04 (UTC+04:00)

20 Yanvar hadisələrinin 35-ci ildönümü ilə əlaqədar Səhiyyə Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla anıb. Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verib. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazıblar.

Qeyd olunub ki, 20 Yanvar Azərbaycan xalqının həyatında dönüş nöqtəsi olub.1990-cı ildən başlanan ağır, çətin, ancaq şərəfli yol Qarabağ Zəfəri ilə ən şanlı zirvəyə çatıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Böyük Qələbə xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılıb.

Daha sonra Səhiyyə Nazirliyində Yanvar hadisələrinin 35-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib. 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.