10-cu “Arpaçay Open” karate turnirinə yekun vurulub - FOTOLAR

20 Yanvar 2025 11:20 (UTC+04:00)

20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş 10-cu “Arpaçay Open” karate turnirinə yekun vurulub. Bu barədə SİA-ya Azərbaycan Karate Federasiyasından məlumat verilib.

17–19 yanvar 2025-ci il tarixlərində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş 10-cu “Arpaçay Open” turniri Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Karate Federasiyasının (AKF) birgə təşkilatçılığı ilə baş tutub.

Ölkəmizdə vətənpərvərliyin təbliğində və karate idman növünün inkişafında əhəmiyyətli rol oynayan “Arpaçay Open” karate turnirinin sayca 10-cu yubiley yarışının təntənəli açılış mərasimi 18 yanvar 2025-ci il tarixində Bakı İdman Sarayında keçirilib. Açılış mərasimində əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Müdafiə Nazirliyinin Hərbi Orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış mərasimində çıxış edən Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov, Milli Məclisin üzvləri Sadiq Qurbanov, Vüqar İskəndərov və Vüqar Rəhimzadə xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsindən, 44 günlük Vətən müharibəsindən və dövlətimizin idmana göstərdiyi qayğıdan danışıblar. Daha sonra tədbirdə qonaqlara hədiyyə və fəxri diplomların təqdim olunması mərasimi keçirilib.
Mərasimin bədii hissəsində, “Öncə Vətən” İctimai Birliyinin rəhbəri Fərahim Sadiqin və Müdafiə Nazirliyinin Hərbi Orkestrinin solistlərinin ifasında vətənpərvərlik mövzusunda xüsusi kompozisiya təqdim edilib.

Sonda çıxış edən "Arpaçay Karate Klubu"nun prezidenti Yavər Hüseynov göstərdikləri hərtərəfli dəstəyə görə Azərbaycan Karate Federasiyasının prezidenti, Milli Məclisin üzvü Ülvi Quliyevə, Bakı İdman Sarayının direktoru Əli Əsgərova, idman klubları və ictimai birliklərin rəhbərlərinə, hakimlərə, məşqçilərə, idmançılara və bütün tədbir iştirakçılarına təşəkkür və minnətdarlığını çatdırıb.

Qeyd edək ki, 2 gün davam edən 10-cu “ARPACHAY OPEN” turnirində paytaxt Bakı, Sumqayıt və regionlar daxil olmaqla, 10-a yaxın xarici ölkədən (Türkiyə, İran, Çexiya, Gürcüstan, Qazaxıstan, Küveyt, Özbəkistan, Rusiya) ümumilikdə 800-ə yaxın idmançı kata, kumite və komanda-kumite yarışlarında mübarizə aparıblar.

65 idman klubunun iştirak etdiyi turnirdə ümumi nəticələrə görə “Qara qaplan” klubu birinci, “Qara brilyant” klubu ikinci, Qazaxıstanın Cambul vilayətiinin idman klubu isə üçüncü olub.