Bütün respublikamızda olduğu kimi, Şabranda da gənc idmançıların yetişdirilməsi, idmanın kütləviliyinə nail olunması üçün mühüm işlər görülür. Xüsusilə məktəblilər arasında idmana olan maraq, əldə edilən nəticələr daha sevindiricidir. Rayon məktəbliləri respublika əhəmiyyətli turnirlərdə layiqincə çıxış edir, yeni uğurlara imza atırlar. Bu günlərdə Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 11-ci sinif şagirdləri boks üzrə respublika çempionatında daha bir uğura imza atıblar.
Belə ki, məktəbin 11-ci sinif şagirdləri Babayeva Dəniz (66 kq ) və Bayramova Zəminə (81 kq) növbəti dəfə kürsünün ən yüksək pilləsində yer tutaraq 1-ci yerə, Ədilə Allahyarova (52 kq) isə 2-ci yerə sahib olublar. Bundan başqa, idmançı qızlarımız boks üzrə milli komandamızın tərkibinə də dəvət ediliblər. Bu, məktəbli idmançılar üçün gerçəkdən böyük uğurdur. İdmançı qızlarımızı təbrik edirik, onlara yeni-yeni müvəfəqqiyətlər arzu edirik. Səsiniz böyük olimpiadalardan gəlsin qızlar!
Mətləb Salahov