Azərbaycan Respublikasının Təbriz şəhərindəki baş konsulluğunda Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilib. SİA xəbər verir ki, tədbir zamanı 20 Yanvar faciəsinə həsr edilmiş sənədli film nümayiş etdirilib, fotoşəkillərdən ibarət sərgi keçirilib və ehsan süfrəsi açılıb.
Tədbirdə İranın Şərqi Azərbaycan valisinin siyasi məsələlər üzrə müavini Murtaza Məhəmmədzadə, bu ölkənin digər rəsmi şəxsləri, Türkiyənin Təbrizdəki baş konsulu Çetin Taner və baş konsulluğun əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və onların ailə üzvləri, Azad İslam Universitetinin azərbaycanlı tələbələri iştirak ediblər.
Tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Baş konsul Əliyənnağı Hüseynov çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin vaxtilə səciyyələndirdiyi kimi, 20 Yanvar günü Azərbaycan xalqının tarixinin həm faciəli, kədərli, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Ulu Öndər böyük uzaqgörənliklə deyirdi ki, biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərindən dərk edəcəyik. Ancaq bir şey həqiqətdir ki, 1990-cı il 20 Yanvar faciəsi Azərbaycan xalqının həyatında dönüş mərhələsi olub.
Ə.Hüseynov qeyd edib ki, 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı çox ağır imtahandan qalib çıxıb, keçmiş SSRİ rəhbərliyinin ölkəmizə qarşı qərəzli, ermənipərəst siyasətinə, Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə və respublikanın ozamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinin üzərinə sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxarıb, böyük itkilərlə, günahsız insanların ölümləri ilə nəticələnib. Həmin ağır günlərdə Bakıda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılıb. Həlak olanlar arasında müxtəlif millətlərin nümayəndələri, uşaqlar, qadınlar, qocalar da var idi. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını, avtobusları atəşə tutur, yaralıları öldürür, meyitləri təhqir edirdilər. Hərbi təcavüz nəticəsində yüzlərlə ev, onlarla təcili yardım maşınları dağıdılıb, külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Lakin onlar öz qanlı əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə nail olmasına gətirib çıxardı. Ümummilli Lider Heydər Əliyevin söylədiyi kimi, “Bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı”.
Diplomat qeyd edib ki, 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsi məsələsi Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapdı. Faciədən dərhal sonra – 1990- ci il yanvarin 21- də Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımızın kədərinə şərik çıxdı, sovet rəhbərliyinin Bakıda törətdiyi qanlı cinayəti pislədi. Ulu Öndərimizin 20 Yanvar hadisələri ilə bağlı bəyanatı nəticəsində dünya SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı bu dəhşətli, xüsusi amansızlıqla törədilən dövlət terrorundan xəbər tutdu. 1990-cı ilin iyulunda Moskvadan vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Ulu Öndərin qətiyyətinin təzahürü kimi tarixə düşdü.
Baş konsul vurğulayıb ki, Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs and yerinə, milli iradəmizin şanlı-şərəfli bir tarixinə çevrilib. 1990-cı ildən başlanan ağır, çətin, ancaq şərəfli yol 2020-ci il sentyabr ayında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Ordumuzun 44 günlük Zəfər salnaməsi ilə ən mühüm zirvəsinə çatdı. Vaxtilə Şəhidlər xiyabanına gəlib şəhidləri ziyarət edən gənclər özləri qəhrəmanlıq dastanı yazdılar, Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyimizi və suveren hüquqlarımızı təmin etdilər.
Ə.Hüseynov çıxışına yekun vuraraq deyib: “Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması həm də 20 Yanvar şəhidlərinin, ümumilikdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin qanının yerdə qalmadığının sübutudur. Odur ki, xalqımız 20 Yanvar faciəsinin 35-ci ildönümünü xüsusi qürur hissi ilə qeyd edir. Onların xatirəsi qəlbimizdə hər zaman yaşayacaqdır!”.