Mərakeş mediası 20 Yanvar faciəsindən yazıb

20 Yanvar 2025 08:41 (UTC+04:00)

Mərakeşin “Hurrapress”, “əl-İlami” və fransızdilli “L’Opinion” elektron nəşrlərində mərakeşli jurnalist Şueyb Brhaddanın 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı məqaləsi dərc olunub. SİA xəbər verir ki, “20 Yanvar – Azərbaycan dövlətinin azadlıq və suverenlik günəşinin doğulduğu qanlı gün” sərlövhəli məqalədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet imperiyasının hərbi qüvvələrinin Azərbaycanda törətdiyi tarixi cinayətdən bəhs olunur.

Müəllif bəşəri dəyərlərə qarşı cinayət olan, günahsız insanların qətli ilə nəticələnən bu faciənin əsl səbəblərinə toxunur, bu hadisənin Azərbaycan xalqının taleyində suverenlik və azadlıq arzularının reallığa çevrilməsində dönüş nöqtəsi olduğunu qeyd edir.

Məqalədə diqqətə çatdırılır ki, “Qara Yanvar” Azərbaycan üçün təkcə tarixi hadisə deyil, həm də ədalətsizliyə qarşı müqavimət və milli birlik anıdır. Şübhəsiz ki, 1990-cı ilin 20 yanvar hadisələri Azərbaycanın tarixində və milli kimliyində silinməz iz qoymuşdur.

Məqalədə, həmçinin vurğulanır ki, “Qara Yanvar” Azərbaycan xalqının kollektiv yaddaşına əbədi həkk olunaraq azadlıq və ədalət uğrunda göstərilən fədakarlıqları xatırladacaq.