Axtarışda olan iki cinayətkarTürkiyəyə ekstradisiya edilib

19 Yanvar 2025 19:32 (UTC+04:00)

İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olan cinayətkar qruplaşmanın başçısı Ercan Yılmaz və qruplaşma üzvü İbrahim Kaymak Türkiyə polisi tərəfindən Ermənistandan ekstradisiya edilib.

SİA xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Məlumata görə, Ercan Yılmaz Türkiyə tərəfindən 15 il, İnterpol səviyyəsində isə 14 il axtarışda olub. Digər cinayətkar, İbrahim Kaymak isə 6 il Türkiyə və bir ildir İnterpol tərəfindən axtarılıb.

Cinayətkarların Türkiyəyə ekstradisiyası bu ölkə ilə İnterpol və Ermənistanın müvafiq qurumlarının əməkdaşlığı nəticəsində baş tutub.

Rəsmi Ankara Ermənistan tərəfinin cinayətkarların təhvil verilməsi istiqamətində göstərdiyi əməkdaşlığı yüksək qiymətləndirib.

Qeyd edək ki, 2023-cü il iyunun 4-dən bu il yanvarın 10-dək beynəlxalq axtarışda olan 760 nəfər Türkiyədə saxlanılıb. Bu dövr ərzində xaricdə qırmızı bülletenlə axtarılan 242 nəfər Türkiyəyə təhvil verilib.