Yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin yüksək səviyyədə təşkil olunması və seçki subyektlərinin maarifləndirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyası Qərb bölgəsində yerləşən dairə seçki komissiyalarının üzvləri üçün treninqlərə start verib. SİA xəbər verir ki, 38 saylı Gəncə birinci seçki dairəsinin komissiya üzvü Bəsti Cəfərova bildirib ki, iki növbədə keçiriləcək treninqlərin məqsədi seçki prosesinin keçirilməsi qaydaları, seçki bülletenlərinin təsnifatı və sənədlərin hesablanması, protokolun doldurulması qaydalarının ətraflı izah olunmasıdır.
Təlimlərdə iştirakçılara səsvermə günü məntəqənin açılması, səsvermə ilə bağlı məlumatların verilməsi saatları, səsvermədə iştirak edən vətəndaşların barmağının şəffaf mürəkkəblə işarələnməsi, səsvermə otağının təşkili qaydası, seçki günü müşahidəçilərin hüquqları, hansı halda seçicinin səsvermə hüququndan istifadə edə bilməyəcəyi, səslərin hesablanması və sair barədə məlumat verilir. Qeyd edək ki, treninqlər 39 sayılı Gəncə ikinci, 40 sayılı Gəncə üçüncü və 41 sayılı Gəncə - Samux - Goranboy dairələrində də keçirilir.