BANM-də anım tədbiri keçirilib - FOTOLAR

19 Yanvar 2025 12:48 (UTC+04:00)

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. BANM-dən SİA-ya bildiriblər ki, tədbir iştirakçıları qanlı Yanvar faciəsi zamanı həlak olan şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Anım tədbirində çıxış edən Ümumi işlər üzrə prorektor Babək Məmmədov 20 Yanvar faciəsinin xalqımızın azadlıq və müstəqillik yolunda göstərdiyi qəhrəmanlıq və milli iradənin təcəssümü olduğunu vurğulayıb. O, bu faciənin xalqımızın tarixində qızıl hərflərlə yazıldığını qeyd edib.

Şəhid Aslan Ağaverdiyevin həyat yoldaşı Zərifə Ağaverdiyeva çıxışında 20 Yanvar şəhidlərinin göstərdiyi fədakarlığın hər bir azərbaycanlının qəlbində dərin iz buraxdığını bildirib. O, Vətən uğrunda mübarizədə canlarından keçən şəhidlərin azadlıq və müstəqillik ideallarının təməlini qoyduqlarını vurğulayıb.

Tədbirdə çıxış edən Biznesin idarə edilməsi kafedrasının müdiri, dosent Altay İsmayılov deyib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının milli iradəsinin rəmzidir. O, bu günün gənc nəsildə vətənpərvərlik ruhunun formalaşmasında böyük əhəmiyyətə malik olduğunu bildirib.

Tədbir “Növbəti stansiya – 20 Yanvar” sənədli filminin nümayişi ilə başa çatıb.