Azərbaycan-Gürcüstan əlaqələri: faydalı əməkdaşlıq, mehriban qonşuluq - MÜNASİBƏT BİLDİRİLDİ

19 Yanvar 2025 11:25 (UTC+04:00)

Strateji əməkdaşlıq, mehriban qonşuluq və dostluq münasibətləri Azərbaycan ilə Gürcüstan üçün həmişə prioritet olub. Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra Baş nazir İrakli Kobaxidzenin yanvarın 17-də ölkəmizə səfərinin xüsusi əhəmiyyəti var. Bu, Gürcüstan-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasının növbəti göstəricisidir. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputat Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Baş nazir İrakli Kobaxidzenin Bakıya işgüzar səfəri ikitərəfli strateji tərəfdaşlığın dinamikasını daha da gücləndirəcək: “Eyni zamanda bu səfər ölkələrimiz arasında əməkdaşlığının dərinləşdirilməsinə bir daha xidmət edəcək. Bildiyiniz kimi, Cənubi Qafqazın əsas ölkələri olan Azərbaycan və Gürcüstanı tarixən çoxsaylı və möhkəm əlaqələr birləşdirir. Xalqlarımız arasında keçmişdə formalaşan tarixi dostluq əlaqələri bu gün sarsılmaz siyasi, iqtisadi müttəfiqliklə möhkəmlənib. Eyni zamanda, mədəniyyətimiz, adət-ənənələrimiz, əlaqələrimiz nəsildən-nəslə keçdiyi üçün təkcə dövlətlərimiz arasında deyil, xalqlarımız arasında da münasibətlər nümunəvi xarakter alıb. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan və Gürcüstan arasındakı münasibətlər digər ölkələr üçün nümunədir. Hər iki ölkə rəhbərlərinin bəyanatlarında da bu aydın görünür”.

Deputat bildirib ki, Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir: “Bu gün Azərbaycan Gürcüstan iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir. Ölkələrimiz arasında ticarət əlaqələri gündən-günə genişlənir. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Bundan əlavə, ölkələrimizin enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Bütün bunlar ölkələrimiz arasındakı münasibətlərin iqtisadi, siyasi və digər sahələrdə yüksələn xətt üzrə inkişafını sübut edir”.

S.Salmanova onu da vurğulayıb ki, Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələrdə, o cümlədən parlamentlər arasında da inkişaf edir: “Biz strateji tərəfdaşlarıq. Hər iki ölkənin qanunverici orqanında işçi qruplar fəaliyyət göstərir. Vaxtaşırı Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin, eləcə də digər deputatlarımızın gürcüstanlı həmkarlarımızla qarşılıqlı səfərləri və görüşləri olur. Bu da əlaqələrimizin yüksək xətlə inkişaf etməsindən və uğurlu parlament diplomatiyasından xəbər verir”.