Böyük Britaniya parlamentinin Beynəlxalq İnkişaf Komitəsi hökuməti müstəqil Fələstin dövlətinin tanınması üçün vaxt cədvəli hazırlamağa və İsrailin beynəlxalq hüquqa riayət etməsini təmin etmək üçün əlindən gələni etməyə çağırıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Komitə, Qəzzada humanitar vəziyyət, İordan çayının qərb sahilindəki hadisələr və köçkün fələstinlilərlə bağlı bir hesabat yayımlayıb. Hesabatda qeyd olunur ki, İsrailin ''Həmas''ın 2023-cü il oktyabrın 7-də həyata keçirdiyi hücumlara cavab olaraq apardığı hərbi əməliyyatlar mülki itkilərə və Qəzzadakı mülki infrastrukturun məhv olmasına səbəb olub.
Hesabatda Böyük Britaniya hökumətinə müstəqil Fələstin dövlətinin tanınması üçün bir vaxt cədvəli açıqlaması ilə bağlı çağırış edilib və Fələstin dövlətinin tanınmasının davamlı sülh üçün vacib olduğu vurğulanıb. Həmçinin, Qəzzanın humanitar ehtiyaclarını ödəmək üçün hər gün 500 yardım maşınının bölgəyə daxil olmasının zəruriliyi qeyd edilib. İsrailin həyata keçirdiyi hava hücumlarından sonra pilotsuz uçuş aparatları ilə mülki insanları hədəf alması iddialarının narahatlıq doğurduğu bildirilir.
Hesabatda İsrailin İordan çayının qərb sahili və Şərqi Qüdsdəki fəaliyyətlərinə də diqqət çəkilir. 2023-cü il 7-31 oktyabr tarixləri arasında İsrailin fələstinlilərə aid 1800 tikilini dağıtdığı, eyni dövrdə 736 fələstinlinin öldürüldüyü vurğulanıb. Həmçinin, həmin dövrdə Fələstin torpaqlarını ələ keçirən israillilərin 1722 fələstinlinin evlərindən didərgin düşməsinə səbəb olduğu qeyd edilib.
Komitə, Böyük Britaniya hökumətini İsrailin beynəlxalq humanitar hüquq çərçivəsində götürdüyü öhdəliklərə əməl etməsini təmin etmək üçün əlindən gələni etməyə çağırıb.