UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə “20 Yanvar - Ümumxalq Hüzn Günü” adlı anım tədbiri keçirilib.
SİA xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə kollecdə 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş sərgiyə baxış keçiriblər. Sonra 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın müstəqilliyi, azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sosial-İqtisadi Kollecin tələbəsi, şəhid Ataməli Musaoğlunun anası Leyla Musayeva bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən hadisələr Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. İgid oğullarımız şəhidlik zirvəsinə yüksələrək xalqımızın yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini bütün dünyaya, ən əsası isə faciənin təşkilatçılarına nümayiş etdirdilər.
Kollecin istehsalat təcrübə və karyera mərkəzinin rəhbəri Natiq Musayev məhz 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildiyini vurğulayıb.
20 Yanvarın Azərbaycanın müstəqilliyi yolunda ilk dönüş nöqtəsi olduğunu qeyd edən Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov bu günün heç zaman unudulmayacağını, gələcək nəsillərin faciə qurbanlarının xatirəsini daim ehtiramla yad edəcəklərini söyləyib.
Tədbirin sonunda Qanlı Yanvar hadisələrindən bəhs edən videoçarx nümayiş olunub, şeirlər səsləndirilib.