Yanvarın 17-də Konstitusiya Məhkəməsində 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Konstitusiya Məhkəməsindən verilən məlumata görə, əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, 20 Yanvar faciəsi xalqımızın qürur mənbəyi, milli birlik və vətənpərvərliyin simvolu kimi Azərbaycan tarixinə həkk olunub. Bu hadisə ümumxalq faciəsi olmaqla yanaşı, tariximizin mühüm dönüş nöqtəsi, müstəqillik uğrunda mübarizəmizin başlanğıcı kimi də dəyərləndirilməlidir. 20 Yanvar faciəsi tarixi yaddaşımızda hüzn günü kimi yadda qalsa da, Azərbaycan xalqının taleyinin və tarixinin fədakarlıq, eləcə də qəhrəmanlıq səhifəsidir. XX yüzilliyin sonunda müxtəlif faciələrlə üzləşən xalqımız müstəsna iradə və cəsurluq nümunəsi göstərərək, milli ruhun sarsılmazlığı ilə müşayiət olunan tarix yazmağa müvəffəq olub.
Sədr çıxışında qeyd edib ki, 1990-cı ilin 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət ilk dəfə Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində verildi. Faciənin növbəti günü Ümummilli Lider ailə üzvləri ilə birgə Moskvadakı Azərbaycanın daimi nümayəndəliyinə gedərək, verdiyi cəsarətli bəyanatı ilə faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Heydər Əliyevin 1993-cü ildə xalqın arzusu və təkidi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin başvermə səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində dövlət səviyyəsində mühüm addımlar atıldı. Məhz onun təşəbbüsü və göstərişi ilə Milli Məclisin “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərarı qəbul edildi. Həmin Qərarla baş vermiş faciə hərbi təcavüz və cinayət kimi qiymətləndirilərək, 20 Yanvar – Ümumxalq Hüzn Günü elan edildi.
Sədr bildirib ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasını uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin həllini dövlətin mühüm vəzifələrdən biri kimi müəyyənləşdirməklə, bu istiqamətdə böyük tədbirlərin həyata keçirilməsinə nail olub. Dövlət başçısının 2006-cı il yanvarın 19-da 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi ilə bağlı Fərmanı şəhidlərin xatirəsinə xüsusi diqqətin təzahürüdür.
Qeyd olunub ki, tarixin müxtəlif dövrlərində xalqımıza qarşı törədilən cinayətlər onun öz müstəqilliyi, azadlığı uğrunda mübarizə əzmini qıra bilməyib. 20 Yanvar şəhidlərinin qəhrəmanlıq salnaməsi, müqəddəs amal uğrunda mübarizələri 44 günlük Vətən müharibəsi iştirakçıları tərəfindən də şücaətlə davam etdirilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməsi respublikamızın suverenliyinin, ərazi bütövlüyünün tam bərpasına və xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrildi.
Tədbirin yekununda vurğulanıb ki, 20 Yanvar faciəsi xalqımızın azadlıq və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliyə doğru irəliləməsində ciddi dönüş nöqtəsi oldu. Tariximizin milli qürur günü sayılan 1990-cı ilin 20 yanvar hadisəsi ilə Azərbaycan xalqı azadlığı, suverenliyi və müstəqilliyi uğrunda mübarizəsini dünyaya sübut etdi. 20 Yanvar şəhidlərinin əziz xatirəsi millətimizin yaddaşında daim yaşayacaq və ehtiramla yad ediləcək.