Boşananda qızıllar necə bölünür? - AYDINLIQ GƏTİRİLDİ

17 Yanvar 2025 16:03 (UTC+04:00)

“Ailə Məcəlləsinə əsasən kişi ilə qadın nikaha daxil olduqdan sonra ər-arvadın qarşılıqlı öhdəlikləri yaranır. Bu öhdəliklərdən bir də mülkiyyət münasibətləri ilə bağlıdır. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.

Fariz Əkbərov sözlərinə belə davam edib: “Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Ailə üzvlərinin birgə mülkiyyəti üzərində ər-arvadın istifadə, sahiblik və sərəncam hüquqları mülki qanunvericiliyinə uyğun olaraq müəyyən olunur. Ər-arvad boşandıqdan sonra tərəflər arasında cehiz əmlakın və qızıl-zinət əşyalarının bölüşdürülməsi ilə bağlı mübahisələrə də rast gəlinir.

Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

Cehiz qızın ailəsi tərəfindən gəlinə verilmiş hədiyyə olduğu üçün onun şəxsi əmlakına aid edilir. Yəni cehiz tərəflərin birgə mülkiyyəti hesab edilmir.

Boşanmadan sonra və ya rəsmi qaydada boşanma olmadan da qadın ona məxsus olan cehiz əmlakını tələb edə bilər. Oğlan evi tərəfindən cehiz qıza könüllü şəkildə verilməlidir. Əgər cehiz əmlakı qarşı tərəf qaytarmırsa, bu zaman şəxs məhkəməyə müraciət etməklə cehiz əmlakı tələb edə bilər.

Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Qanunvericiliyə görə hədiyyə şəklində verilən əşyalar kimə verilibsə, artıq onun əmlakı hesab edilir.
Yəni cehiz və ya qızıl-ziynət əşyaları şəxsə hədiyyə şəklində verilən əmlak hesab edildiyi üçün verilən şəxsin mülkiyyətində olur. Boşanmada cehiz dedikdə, nikaha daxil olanadək və ya nikah dövründə verilən hədiyyələr və ya hər hansı əvəzsiz əqdlər tərəflərin hər birinin şəxsi mülkiyyətindədir. Daha dəqiq desək, bu tərəflərin birgə mülkiyyəti hesab olunmur. Ailə Məcəlləsinə əsasən, ər-arvadın daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir.

Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri, geyim, ayaqqabı və s. nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, ərin və ya arvadın diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir”.

Ayşən Vəli