""Fast food" və qazlı içkilərin uşağa narkotik təsiri var" - DİETOLOQ AÇIQLADI

17 Yanvar 2025 12:10 (UTC+04:00)

"Hər bir orqanizm həssasdır. Mən bunu bütün müsahibələrimdə qeyd edirəm". Bu sözləri SİA-ya açıqlamasında dietoloq Ləman Süleymanova deyib.

Onun sözlərinə görə, ümumiyyətlə uşaq ana bətnində olandan ana düzgün qidalanmalıdır ki, dünyaya gələcək övladı sağlam olsun: "Sağlıqlı qidalanma bəzən valideynlərin israrı ilə çox yemək demək deyil. Sağlıqlı bəslənmədə boşqabımız zəngin olmalıdır. Zülal, yağ, karbohidrat, vitamin vacibdir. Bütün vacib olan vitamin balansımızı biz qidalardan almalıyıq.

Su təchizatı düzgün olmadıqda hamiləlik dövründə 5 aydan sonra problemlər başlayır. Bu onların loktasiya dövrünə təsir göstərir. Həmçinin, gələcək doğulacaq uşağın da qidalanmasına təsir edir. Uşaqlarda xüsusi dadbilmə qabiliyyəti var. Belə ki, onları hansı qidalara alışdırsan, sonradan həmin qidalara meyilli olacaq. Ona görə də uşaqlıqdan övladlarımız sağlıqlı qidalanmalıdır. "Fast food" və qazlı içkilərin uşağa narkotik təsiri var. Yeniyetməlik dövründə insulin dirənci və hormonal problemlər baş qaldıracaq. Bu günümüzdə 99 faiz yeniyetmələrdə var. 12-13 yaşlı uşaqlarda çəki normadan artıqdır. 140-150 kiloqramda olan uşaqlar var. Buna nə valideynlər, nə pediatrlar, nə də məktəb həkimləri diqqət edir. Bunun üçün xüsusi iclaslar keçirilməli, həyəcan təbili çalınmalıdır. Bu uşağın gələck həyatına təsir edəcək.

Bu yaşlılara da aiddir. 35 yaşından sonra artıq müəyyən xəstəliklərdən qorunmaq üçün düzgün qidalanmalıdırlar. Maddələr mübadiləsi əvvəlki kimi aktiv olmur. Qadınlarda və kişilərdə onlara xas olan bir sıra xəstəliklər baş qaldırır. Genetik olaraq arterial təzyiq, şəkər və s. olur.

Eyni zamanda nəsildə şəkər xəstəsi varsa, o 35 yaşdan sonra düzgün qidalanmalıdır. Azərbaycan mətbəxi çox zəngindir və yağlı, kalorili yeməkləri sevirik. Saat 2-3 ə qədər qidalar rahat həzm olunur. Saat 3-dən sonra isə ləngimə başlayır. Yəni artıq yediyimiz qidaların tərkibindəki ağır yağlar orqanizm nərəfindən həzm olunmur və depoya ötürülür. Depoya ötürülən yağlar da pis yağlara çevrilir, qaraciyərə və mədəaltı vəzə ötürülür. Xüsusilə bəylərdə ürək problemi baş verir. Vaxtında üstünə düşməsək ciddi problemlər yarana bilər. Bunun hamısının səbəbi düzgün qidalanmamaqdır. Müəyyən yaşdan sonra yaş və orqanizm öz sözünü deyir. Bəylər içki və siqareti azaltmalıdır".

Ayşən Vəli