"Cənab Prezidentin BƏƏ-yə səfəri bir neçə cəhətdən vacibdir. Həm birbaşa BƏƏ ilə münasibətlərin qurulması və genişləndirilməsi baxımından vacibdir. BƏƏ o regionun ciddi iqtisadi güclərinin mərkəzlərindən biridir". Bu sözləri SİA-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.
Onun sözlərinə görə, onların şəhərlərindən olan Əbu-Dabi geniş inkişaf etmiş bir zonadır: "Onlarla müəyyən iqtisadi əlaqələrin qurulması Azərbaycan üçün həddindən artıq vacibdir. Onlar da Azərbaycanla əlaqələr qurmaqda maraqlıdırlar. Konkret olaraq iki dövlət arasında qarşılıqlı bir münasibət yaranır".
Akif Nağı sözlərinə belə davam edib: "Digər tərəfdən isə bu gün ərəb dünyası ilə bağlı dünyada münasibətlərin quurlması, müəyyən imkanlarda istifadə olunması ilə bağlı bir rəqabət gedir. Azərbaycan şükürlər olsun ki, bu proseslərin içərisindədir və kifayət qədər uğurlu bir siyasət aparır. Yəni, bu yalnız Əbu-Dabi ilə olan münasibətlər deyil, ərəb dünyası ilə olan münasibətlərdir. Həmçinin, digər ərəb dövlətləri ilə də Azərbaycanın xoş münasibətləri var.
Son açıqlamasında cənab Prezident İslam dünyasına xüsusi diqqət yetirdiklərini bildirdi. Təxminən bildirdi ki, 60-a yaxın İslam ölkəsi var və onların hər biri ilə Azərbaycan xoş münasibətlər qurmağa çalışır. Hətta bildirdi ki, diplomatlara tapşırılıb ki, müəyyən beynəlxalq tədbirlərdə ərəb ölkələrindən hər hansı bir təşəbbüs gəlirsə, bu təşəbbüs dəstəklənsin. Bu həm də mənəvi cəhətdən bir olmaq üçün vacibdir. Çünki İslam dünyasına basqılar var. Gözdən salmağa çalışırlar və yalnış təbliğat aparırlar.
Azərbaycan aparıcı İslam ölkələrinin D8 qrupuna da daxil oldu. Bu da böyük bir hadisədir. Ona görə bütövlükdə mən hesab edirəm ki, Prezidentin BƏƏ ilə görüşləri, əldə olunmuş razılaşmalar İslam D8 çərçivəsində gedən proseslərin bir təkanıdır".
Ayşən Vəli