"20 Yanvar təkcə qanlı deyil, şərəfli və şanlı səhifəmizdir" - ŞƏRH EDİLDİ

17 Yanvar 2025 14:54 (UTC+04:00)

"20 yanvar hadisəsi Mixail Qorbaçov başda olmaqla Sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi ən ağır cinayətlərdən biridir. Ordu ölkəni xarici hərbi müdaxilədən qorumalı olduğu halda, dinc əhaliyə qarşı silah işlətdi. Həmin vaxt insanların istədikləri Ermənistanın Azərbaycanın daxili işlərinə qarışmasını dayandırmaq, tarixi torpaqları olan Ermənistanda yaşayan azərbaycanlıların qovulmasının qarşısını almaq və erməni separatizmini dayandırmaq idi. Sovet rəhbərliyi Azərbaycan xalqının bu haqlı tələbini yerinə yetirmədi. Onun əvəzində qanlı qırğın törədildi". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Onun sözlərinə görə, 20 Yanvar hadisəsinə ilk münasibəti o zaman Moskvada ağır şərtlər altında yaşayan Ulu Öndər Heydər Əliyev ailə üzvləri ilə Azərbaycanın daimi nümayəndəliyinə gələrək keçirdiyi brifinqdə verdiyi bəyanatla bildirdi: "Bu hadisəni insanlığa qarşı cinayət, hüquqa zidd hərəkət adlandırdı. Sonradan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən 20 Yanvara hüquqi siyasi qiymət verildi və Muxtar Respublikada ümumxalq hüzn günü kimi elan edildi. Azərbaycan Respublikasının prezdenti seçildikdən sonra Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə 20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymət verildi. Bu hadisəyə dair müxtəlif kitablar, məqalələr yazılıb. Həmin hadisə SSRİ-nin iqtisadi əsaslarını sarsıtdı. Şəhidlərin ruhuna ehtiram olaraq Azərbaycan xalqı 40 gün işləmədi. Vahid iqtisadi zəncir olan Sovet iqtisadiyyati dağılmağa başladı. Əhalinin orduya və təhlükəsizlik qüvvələrinə olan inamı sarsıldı, çünki onlar əhaliyə qarşı silah işlətdilər. Azərbaycan xalqının kommunist partiyasına olan inamı sarsıldı".

Həmçinin Musa Qasımlı vurğulayıb ki, SSRİ güc baxımından ordu və təhkükəslizliyə, onun əsasları və ideoloji baxımdan Kommunist partiyasına əsaslanırdısa onun tərəfləri dağılmağa başladı: "20 Yanvardan sonra Azərbaycan xalqı Moskva ilə yolunun bir olmadığı qənaətini qətiləşdirdi. O bir dönüş anı idi. O gün dövlətimiz bütün şəhidləri, o cümlədən 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Onların ailə üzvlərinin sosial müdafiəsi dövlətimizin diqqətindədir. 20 Yanvar şəhidlərinin ruhu şaddır, çünki müzəffər Ali Baş komandanımız cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan torpaqları işğalçılardan tamamilə azad edilib, dövlət ümumiliyimiz bütün ölkə ərazisində bərpa edilib və separatizmin kökü kəsilib. Ona görə də 20 Yanvar tariximizin təkcə qanlı deyil, eyni zamanda şanlı, şərəfli səhifəsidir".