“Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında iştirakı ölkəmizin son illərdə yürütdüyü geniş, əhatəli, balanslaşdırılmış siyasətin məntiqi nəticəsidir. Tədbir ölkəmizin dayanıqlılıq sahəsində həyata keçirdiyi siyasəti dost ölkələrə çatdırmaq üçün beynəlxalq platform rolunu oynadı. 2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsində dayanıqlı qlobal inkişaf baxımından önəmli müzakirələrin aparıldığı məkandır. Qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya prinsiplərini əsas istiqamətlər kimi müəyyənləşdirən Dayanıqlılıq Həftəsi dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, iş adamlarını və gəncləri bir araya gətirir”. Bu sözləri Milli Məclisin deputatı Aydın Hüseynov SİA-ya açıqlamasında deyib.
Deputat qeyd edib ki, Azərbaycanın ərəb dünyası ilə dərin tarixi-mədəni bağlılığı var: “Həmin ölkələr də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır, öz dəstəyini verirlər. Əlaqələrimizin də tarixi var. Azərbaycan 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü əsasında başladılan “Bakı Prosesi” sayəsində müsəlman ölkələri ilə Avropa dövlətlərinin nümayəndələrini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verib. Proses çərçivəsində Azərbaycan tərəfindən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları təşkil edilir. Bu gün Birləşmiş Ərəb Əmirlikləri informasiya-kommunikasiya texnologiyaları sahəsində və digər beynəlxalq platformalarda ölkəmizə qarşı birmənalı mövqeyi ilə fərqlənib. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf edib.
Münasibətlərimizin yüksək səviyyəyə qalxması 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlayıb. Dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyədə olub, çoxşaxəli və dinamikliyi ilə seçilib. Bu da, ölkələrimiz arasında enerji və iqtisadi sahələrdə də əlaqələrin inkişafına müsbət təsir göstərib”.