“2022-ci ilin sonundan icrasına başlanan, hələ ilkin hesablama səviyyəsində olsa da yeni yaşıl enerji koridorunun formalaşması və Xəzər hövzəsindən Gürcüstan üzərindən olmaqla Avropaya yaşıl enerjinin çatdırılması layihəsi də var”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, layihə ilkin mərhələdə olmasına baxmayaraq, bir sıra ölkələr də böyük maraq göstərirlər: “Eyni zamanda ölkələrimiz arasında olan layihələrdən biri də fiberoptik xətlərin formalaşdırılmasıdır. Bunun üçün Azərbaycan və Gürcüstan arasında xeyli layihələr həyata keçirilir. Bu və bir sıra digər qlobal layihələrin həyata keçirilməsinə dəstək münasibətilə üçtərəfli və dördtərəfli formatlar da uğurla həyata keçirilir. Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli görüşünün Bakıda keçirilməsini və Bakı deklarasiyasının qəbulunu vurğulamaq istərdim. Sabahkı 10-cu Hökumətlətarası Birgə Komissiyasının iclasında qeyd olunan layihələrdən əlavə bir sıra yeni layihələr barədə də ətraflı fikir mübadiləsi həyata keçiriləcək”.