Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında "Azərbaycanın Milli parkları, təbiət qoruqları və yasaqlıqları" soraq - biblioqrafik məlumat kitabı çapdan çıxıb.
Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsilə əlaqəli hazırlanan bu soraq -biblioqrafik məlumat kitabında 10 Milli Park, 10 təbiət qoruğu, 24 dövlət təbiət yasaqlığı haqqında müfəssəl məlumat verilib, haqlarında olan ədəbiyyatların qısa biblioqrafiyası da tərtib edilib. Məlumat nəşrinin hazırlanması zamanı seçmə prinsipi əsas götürülərək biblioqrafik mənbələrtoplanaraq sistemləşdirilib.
Nəşrin elmi redaktoru MEK-in direktoru, tex.e.d., dosent Hüseyn Hüseynov, tərtibçisi direktor müavini, fil.ü.f.d., dosent Şəhla Tahirqızı, rəyçisi dosent Afiq Məmmədov, ixtisas redaktoru isə Biblioqrafiya şöbəsinin əməkdaşı Rəna Cavadovadır.
Mütəxəssislər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş soraq -biblioqrafik məlumat kitabının Ön sözünün müəllifi AMEA-nın vitse prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynovadır.