"Qanlı Yanvar hadisələri dönüş nöqtəsi hesab olunur" - TÜRK POLİTOLOQ DANIŞDI

16 Yanvar 2025 15:28 (UTC+04:00)

“1990-cı il yanvarın 1-də Sovet ordusunun Bakıda qadın, uşaq və yaşlı ayrı-seçkiliyi olmadan törədilmiş qətliamın qurbanları hər zaman yad edilir. Tarixə “Qanlı Yanvar” kimi düşmüş qətliamın acısından illər keçməsinə baxmayaraq, bütün azərbaycanlıların yaddaşında dünən olmuş kimi qalıb”. Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib.

Hakan Aktürk sözlərinə belə davam edib: “İllər keçsə də Azərbaycanda da qəhrəmanlıq dastanı kimi yaddaşlara həkk olunmuş Qanlı Yanvar hadisələri keçmiş Sovet əsarətindən sonra müstəqilliyin əldə olunmasında dönüş nöqtəsi hesab olunur. Qanlı Yanvar hadisəsi keçmiş Sovet İttifaqının dağılmasını sürətləndirdi və azərbaycanlılarda müstəqillik hissini alovlandırdı. 1980-ci illərin sonunda ermənilər Azərbaycandan qopmaq üçün fəallıqlarını artırdılar və 1989-cu ilin dekabrında Ermənistan Sovet Respublikasının Ali Soveti Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdi.

Azərbaycanlılar bu qərara reaksiya verdi və Bakıda yüz minlərlə insanın iştirakı ilə mitinqlər keçirildi. Ermənilərin artan torpaq tələblərinə reaksiya vermək üçün Bakının Azadlıq Meydanına axışıldı, Sovet kəşfiyyatı tərəfindən Azərbaycan Televiziyasının enerji təminatçısı partladıldı. Axşam saatlarında 26 minlik Sovet ordusu zirehli texnika ilə 5 istiqamətdən Bakıya daxil oldu.

Sovet ordusu onların qarşısını almağa çalışan silahsız dinc əhalinin üzərinə güllə yağdıraraq şəhərə çatdı. Tanklar və ağır zirehli maşınlar insanların üzərinə sürülüb, təcili yardım maşınları və sərnişin avtobusları atəşə tutulub. Həmin gecə Bakıda 130 dinc sakin həyatını itirdi. Hadisələrdə 744 nəfər yaralanıb, 400-ə yaxın insan sovet ordusu tərəfindən saxlanılıb.

Sovet hökuməti Bakıda fövqəladə vəziyyət elan etsə də, şəhər tamamilə Sovet ordusunun nəzarətinə keçsə də, xalq yenidən küçələrə axışıb və şəhidlərin dəfn edilməsi işinə başlayıb. Dəfn mərasimlərini 1 milyona yaxın insan müşayiət edib. Azərbaycan şəhidləri bizim dərdimizdir. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə başsağlığı verirəm. Yaşasın, Azərbaycan və Türkiyə qardaşlığı”.

Ayşən Vəli