"Fergani Space" şirkətinin ilk peyki "SpaceX" vasitəsilə kosmosa buraxılıb

15 Yanvar 2025 21:25 (UTC+04:00)

Türkiyənin pilotsuz uçuş aparatları istehsalçısı “Baykar”ın iştirakı ilə yaradılmış “Fergani Space” şirkətinin ilk peyki “SpaceX” şirkətinin raketi ilə kosmosa buraxılıb.

, SİA-nın məlumatına görə, buraxılış ABŞ-nin Vandenberq bazasından həyata keçirilib. Peyk “Transporter-12” missiyası çərçivəsində kosmosa göndərilib.

“Baykar” şirkətinin direktorlar şurasının sədri Selçuk Bayraktar peykin buraxılışını şərh edərək deyib: “20 illik hədəfə çatdıqdan sonra bir az daha irəli getdik və kosmik tədqiqatlara başladıq”.

Onun sözlərinə görə, Türkiyə şirkəti “Fergani” layihəsi çərçivəsində qlobal mövqe təyini sistemi yaratmaq niyyətindədir. O həmçinin qeyd edib ki, “Fergani” peyki üçün hidrogen peroksid mühərrikinin sınağı 2024-cü ilin may ayında keçirilib.

S.Bayraktar 5 il ərzində 100 peykə çatmağı hədəflədiklərini də dilə gətirib.

Türkiyənin digər təşəbbüsü olan “Plan-S” daha dörd rabitə peykini kosmosa çıxarıb.

Şirkət yeni kommersiya peykləri ilə kommunikasiya texnologiyaları sahəsində qlobal həll yolları inkişaf etdirir.

Şirkət bu günə kimi kosmosa uğurla 9 peyk göndərib.

Sənaye və texnologiya naziri Mehmet Fatih Kacır sosial media hesabında bunları paylaşıb: “Kosmos ekosistemimiz Milli Kosmik Proqram hədəflərimizə uyğun olaraq hər gün daha da güclənəcək”.