Rusiyada 24 saat ərzində ikinci məktəb atışması...

15 Yanvar 2025 18:24 (UTC+04:00)

...Yəhudi Muxtar Vilayətində 7-ci sinif şagirdi küçə itlərindən qorunmaq üçün anasının ona aldığı pnevmatik tapançadan istifadə edərək məktəbə atəş açıb.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Shot Telegram kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, hadisə ötən gün Voloçaevka-2 kəndindəki məktəbdə baş verib. Bədən tərbiyəsi dərsi zamanı 13 yaşlı şagird silahını sinif yoldaşlarına göstərmək qərarına gəlib və təsadüfi atəş açmağa başlayıb.

...Və nəticədə 13-15 yaşlı dörd məktəbli yüngül bədən xəsarətləri alıb.

Eyni zamanda məktəblinin anası polisə bildirib ki, oğlundan narahatdır və özünü sahibsiz itlərdən qoruya bilməsi üçün ona pnevmatik tapança alıb.

Onun barəsində valideynlik öhdəliklərini yerinə yetirmədiyinə görə protokol tərtib edilib.

...Bu gün isə Ryazanın Moskva rayonunda məktəbdə atışma olub. 14 yaşlı yeniyetmə yaralanıb.

KİV-in məlumatına görə, silah oyuncaq olub və məktəblilər sadəcə olaraq içərisində güllə olub-olmadığını yoxlamaq istəyiblər. Zərərçəkmişə beyin silkələnməsi, qapalı kəllə-beyin travması və oksipital nahiyədə hematoma diaqnozu qoyulub.

Əli Babayev