Əfqanıstan ABŞ ilə məhbusların mübadiləsinə hazır olduğunu bildirib

15 Yanvar 2025 18:12 (UTC+04:00)

Əfqanıstan administrasiyası Amerika Birləşmiş Ştatları (ABŞ) ilə məhbusların mübadiləsinə hazır olduqlarını bildirsə də, ABŞ administrasiyası hələlik konkret addım atmayıb.

SİA-nın məlumatına görə, Əfqanıstan müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid ABŞ və Əfqanıstan arasında mümkün məhbus mübadiləsi ilə bağlı "Amu TV"-yə danışıb.

Mücahid mümkün məhbus mübadiləsi ilə bağlı danışıqların davam etdiyini, lakin hələlik müsbət nəticə vermədiyini vurğulayaraq deyib:

“Əfqanıstanda saxlanılan amerikalıların müqabilində Quantanamodakı əfqan məhbusların azad edilməsini təklif etmişik, lakin ABŞ hələ də addım atmayıb”.

Qeyd edək ki, 2022-ci ildən Əfqanıstanda həbsdə olan Corc Qlezmann, Rayan Korbett və Mahmud Şah Həbibinin sərbəst buraxılması üçün tərəflər arasında təxminən 6 aydır danışıqlar aparılır.

Daha əvvəl müxtəlif KİV-lərdə iki ölkə arasında Əfqanıstandakı həbsxanalarda saxlanılan ABŞ vətəndaşlarının Quantanamo həbsxanasında saxlanılan Məhəmməd Rəhim əl-Əfqaninin müqabilində azadlığa buraxılması ilə bağlı danışıqların davam etdiyi bildirilib.