Kreml sanksiyaları “iki ağızlı qılınc” adlandırıb və…

16 Yanvar 2025 00:15 (UTC+04:00)

...Avropa İttifaqı Rusiyaya qarşı 16-cı sanksiya paketi çərçivəsində Rusiyadan mayeləşdirilmiş təbii qaz və alüminiumun tədarükünə embarqo, həmçinin onlarla gəmiyə məhdudiyyətlər qoymaq və yeni bankları SWIFT beynəlxalq ödəniş sistemindən kənarlaşdırmağa hazırlaşır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Bloomberg-ə avropalı diplomatlar bildiriblər.

Onlar Avropa Komissiyasının gələn ay təqdim edəcəyi yol xəritəsinin bir hissəsi kimi mayeləşdirilmiş təbii qazdan uzaqlaşmanın mərhələli şəkildə həyata keçirilə biləcəyini söyləyiblər.

Qeyd edilməlidir ki, Rusiya mayeləşdirilmiş təbii qazının Avropa İttifaqında əsas idxalçıları İspaniya, Belçika və Fransadır. Onlar məhdudiyyətlərə mane olmamalıdırlar.

Eyni zamanda, Macarıstan və Slovakiya hələ də Rusiya tədarükünə arxalandığı üçün Rusiyadan boru kəməri qazına qarşı sanksiyalar nəzərdən keçirilmir.

Bloomberg-in məlumatına görə, əgər 2020-ci ildə Avropa Rusiyadan təqribən 10,5 milyon ton mayeləşdirilmiş təbii qaz alıbsa, keçən il tədarük rekord həddə - 15,5 milyon tona yüksəlib.

…Alüminiuma qarşı sanksiyaların miqyası və onların tətbiqi vaxtı hələ müəyyən edilməyib.

Bloomberg mənbələri qeyd edib ki, onların da mərhələli şəkildə tətbiq olunacağı istisna edilmir. Bundan əvvəl ABŞ və Böyük Britaniya artıq Rusiya alüminiumunun idxalına qadağa qoyub.

Avropa İttifaqı yalnız alüminium məftil, folqa və bəzi boruların tədarükünə qadağa qoyub.

Trade Data Monitor-un məlumatına görə, 2024-cü ilin yanvar-oktyabr aylarında Avropa İttifaqı ölkələri Rusiyadan təxminən 130 min ton alüminium idxal edib ki, bu da ümumi tədarükün 2,2 milyon tonunun 6 faizini təşkil edir. Müqayisə üçün: 2023 və 2022-ci ilin eyni dövrləri üçün bu rəqəm müvafiq olaraq 11 və 19 faiz olub. Avropa İttifaqına ixracın azalması fonunda dünyanın ən böyük alüminium istehsalçısı Oleq Deripaskanın Rusal şirkəti hökumətdən təcili dəstək istəyib.

Avropa İttifaqı Ukraynada genişmiqyaslı müharibənin başlanmasının üçüncü ildönümünə - fevralın 24-nə qədər Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etməyi gözləyir.

Kreml sanksiyaları “iki ağızlı qılınc” adlandıraraq, sanksiyaların onları tətbiq edən ölkələrin maraqlarına qarşı “bumeranq” olduğunu bildirib. Kreml həmçinin əmin edib ki, Moskva sanksiyaların “nəticələrini minimuma endirmək” təcrübəsinə malikdir.

Əli Babayev