Diksiya Akademiyasının rəhbəri, natiqlik üzrə təlimçi Cəlalə Nərəzoğlunun SİA-ya verdiyi müsahibəsini təqdim ediirk:
- Səlis danışıq tərzi necə olmalıdır? Bunun kateqoriyaları varmı?
- Bu sualın altında çoxlu cavablar yatır. Biz kiməsə qulaq asanda bütün diqqətimizi ona yönəldə biliriksə, dediyi sözləri, davranışları, səsi bizi qıcıqlandırmırsa, dediklərindən nəyisə öyrəniriksə bu artıq özündə səlis danışıq adlana bilər.
Bir çox adam tədbirlərdə, o cümlədən rəsmi iclaslarda və yaxud da ki mükafatlandırma mərasimində, ya da ki el şənliklərində, dostları arasında, həmkarlar içində öz müdiri ilə və s. hər zaman danışır. Amma özü də fərqinə varır ki, burada bir sıxıntı var. Sadəcə olaraq insan fərqinə vardığının ardınca düşmür. Sıxıntı varsa mən bunu necə həll edə bilərəm? Bu halımın daha yaxşı variantı necə ola bilər? Bəzi adamlar bu barədə düşünmürlər.
Əgər ağız aparatında hər hansı bir problem yoxdursa istənilən insanın nitqi hətta ən yaşlı vaxtında belə dəyişə bilər. Aparatda problem deyəndə mən daha çox anadangəlmə məsələləri nəzərdə tuturam. Hal-hazırda mənim dişlərimdə metal breket var. Mən danışmaq üçün ağzımı yaxşı açmıram, çünki məni incidir. Bu özlüyündə bir qədər ağızda tənbəllik yaradır. Amma bəzi insanlar da heç bir problem olmadan ağzını açmır. Bu da özlüyündə nitq qüsurlarına gətirib çıxarır.
Görürsünüz ki adam çıxış edir. Amma heç nə eşidilmir və burun səsinə gətirib çıxarır. İstər-istəməz qulaq asan insanların diqqəti yayınır. O ya telefonla məşğul olur, ya yerə-göyə baxır, ya saata baxır ki, görsün nə vaxt qurtaracaq, ya da yuxulayır.
Ümumiyyətlə, indiki dövrdə bu qədər informasiya bolluğunun içində bir insanın diqqətini 2-3 dəqiqədən artıq özündə saxlamaq çox çətindir. Buna görə də həm çıxışa yaxşıca hazırlaşmaq lazımdır, həm sənin verdiyin məlumatlar standart olmamalıdır, bir yenilik olmalıdır, həm də o qədər gözəl danışmalısan ki, əlində olan bir növ ərzaqdan yaxşı yemək bişirib o müştəriyə təqdim etməyi bacarasan.
- Yəqin ki mütəmadi müşahidə edirsiniz və sizin də akademiyaya da bu barədə müraciət edənlər olur. Görürsünüz müraciət edənin tələffüzündə heç bir problem yoxdur, gözəl axıcı natiqlik sənətinə malikdir, səlis danışır. Bəs, bu nədən yaranır? Yəni doğuşdan, hər hansı bir kitab oxumaqdan, yoxsa başqa amillərdən irəli gəlir?
- Bəzən deyirlər ki, bu bir fitri istedaddır. Əgər ata-ana yaxşı danışırsa, övlad da yaxşı danışa bilər. Həm razıyam, həm də yox. Genetika hansı halda işə yaraya bilər? Doğrudan da ata-ananın bu mövzuda əla bacarıqları var. İndi onlara da keçmiş ola bilər və ya özlərini inkişaf etdiriblər. Xülasə uşaq dünyaya gələndə artıq nitq cəhətdən hazır valideyn görür, onların yanında böyüyürsə, eşidirsə, ünsiyyət qurursa o uşağa həmin bacarıq keçə bilər. Yox, deyək ki, genetika cəhətdən nitqi nəzərə alarıqsa hər şey qaydasındadır. Amma hansısa məsələyə görə bu uşaq doğulduqdan sonra başqa bir adama verilir. O adam da uşaqla ünsiyyət qurmur və ya onun özünün nitqində problem var. Deməli bu uşaq necə danışacaq? Yanında böyüdüyü adam kimi. O səbəbdən deyirəm ki, genetika həm rol oynayır, həm də yox.
Bir insanın əgər üstündə xüsusi təlim keçirilməyibsə, fitri-istedadı varsa bu birbaşa valideynlə və ya yanında böyüdüyü adamla əlaqədardır. Məsələn, elə insanlar var ki, nənəsi ilə böyüyüb. Amma keçmiş nənələr. İndiki nənələr inanmıram ki, əvvəlkilər kimi nağıl danışsın, bayatı desin. Nənəm eyni hadisəni yüz dəfə danışırdı. Nə bilim qız vaxtımda belə bir şey olmuşdu. O qədər maraqlı danışırdı və fərqli kəlmələrdən istifadə edirdi. Uşaqlar dili qrammatika ilə öyrənmirlər. Çağadır, körpədir eşidir və onları assosiasiya edirlər. Tutaq ki, biz ona bu stəkanı uzadıb deyirik ki, su iç. O sadəcə olaraq hərəkətdən, bu ankı tələbatından başa düşür ki iç prosesdir, bu da bir nəsnədir, stəkandır içində su var. Yəni oturub dənə-dənə ona izah etmirik ki, nəyi nə üçün dedim.
Belə bir maraqlı faktı sizə deyəcəm. Deməli, mənim bir yaxın qohumum var, iş xanımıdır. Onun anası çox susqun təbiətli biridir. Hətta qohumlar sırf bu cəhətinə görə o qadını sevmirlər. Təbii ki özlüyündə yaxşı insan ola bilər. O belə istəyir və danışmaqla arası yoxdur. İş qadınıdır. Uşağını dünyaya gətirdikdən sonra dayələrə etibar etmədiyi üçün o uşağı öz anasına verir. Özü işdən axşam saat 9-da qayıdır. Uşaq artıq yatmış olur, səhər tezdən çıxır uşaq bütün günü nənəylə qalır. Təsəvvür edin ki, uşaq 4 yaşına keçmişdi, danışa bilmirdi. Mənim oğlum 9 aylığında artıq 13 kəlmə bilirdi,1 yaş 2-3 aylığında normal cümlələr qururdu. Ola bilsin ki, "R" hərfini təmiz demirdi. Amma ifadə edə bilirdi. Sonra mən məsləhət gördüm ki, uşağı ən azından baxçaya qoy. Baxçaya da etibar etmirdi. Təsəvvür edin ki, uşaq bağçaya getdi və bir aydan sonra danışmağa başladı. Mən valideynlərə tövsiyə edərdim ki, əvvəla özləri yaxşı danışsınlar, ikincisi uşağın yanında nə dediklərinə fikir versinlər. Arqodur, vulqar sözlərdir, varvarizmlərdir, küçə danışığıdır, o cümlədən söyüşlərdir. Nə deyirsinizsə, uşaq onların hamısını süngər kimi özünə hopdurur. Sonra deməyin ki, mən buna belə tərbiyə verməmişdim, sonra məndən oldu mənə oxşamadı. Belə ifadələrin heç bir yeri yoxdur. Bu məsəli hamımız bilirik ki, uşaq evin güzgüsüdür. Səndən öyrənməyib, babasından öyrənib, babasından öyrənməyib dayısından, əmisindən öyrənib. Hər kimlə mütəmadi olaraq ünsiyyətdədirsə, onun nitqi o adamın danışığına məruz qalır.
Bir də ki uşaqlarına çalışsınlar gecələr nağıl oxusunlar, sonra uşağa cavabı hə, yox olan suallar verməsinlər. Normal şəkildə oturub onlarla ünsiyyət qursunlar. Tutaq ki, uşaq bir şəkil çəkib. Bu ünsiyyət qurmaq üçün əla vasitədir. Gətirib ki, "Bax gör nə qəşəng şəkil çəkmişəm". Sən əlində telefonla "hə mənim balam", "hə ağıllı balam", "afərin sənə" deməklə bu uşağı əslində bir qələm kimi ortadan sındırırsan. Həm qəlbi qırılır, həm də ki onun daha marağında olmur ki, gəlib növbəti uğurlarını səninlə bölüşüb söhbət etsin. Uşaqla nə qədər çox söhbət edirsinizsə, ona özünü ifadə imkanı qazandırırsınız. Sabah uşaq baxçada da, orta məktəbdə də, ali məktəbdə də, iş yerində də lider olacaq, həmişə seçiləcək.
- Bugün yazılı, yoxsa şifahi nitqdə problemlər daha çoxdur?
- Mən keçən dəfə müsahibələrimin birində dedim, hətta bununla bağlı bir video çağırış etməyi də düşünürəm. 11 il məktəbə getmiş 10-larla ayaqqabı cırmış, neçə çantanı köhnəltmiş, yarıac- yarıtox bir şəkildə səhər yuxudan gözünü ovuşdura-ovuşdura güc-bəla ilə oyanıb dərsə getmiş uşaqlar 11-ci ilin sonunda baxın görün həqiqətən əzbərləməmək şərtilə 11 təməl orfoqrafiya və orfoepiya qaydasını bilirmi? Niyə əzbərləməyin altını xətlədim? Məsələn, gedir testə yaxşı cavab verir, hətta 700 bal toplayan uşaqlar olur, 2 ay keçir unudur. Mən ondan danışmıram, qalıcı qavramaq və hər zaman əmək etmək şərtilə öyrəndikləri qaydalardan danışıram. Əgər siz 11-ci sinfi bitirmiş 100 şagirdə imla desəz, inanın ki, 99-da problem olacaq. Bəlkə biri bir istisna çıxar. Azərbaycan dili yazıldığı kimi danışılan, oxunan dil deyil.
- Siz bu problemin kökünü nədə görürsünüz? Yəni bu təhsildəmi problemdir, orta məktəbdənmi başlayır, yoxsa valideyn günahıdır?
- Təməli evdə qoyulmuşdur, davamı baxçada gəldi. Zatən biz özümüz də evdə valideyn kimi yenə cəmiyyətin bir üzvü, baxçada müəllimik cəmiyyətin üzvüyük. Bütün cəsarətimlə və səmimiyyətimlə deyə bilərəm ki, 100 müəllim bununla bağlı imtahan versin. Onların arasından səlis danışan, şagirdi, tələbəni yormayan, ələlxüsus da necə ünsiyyət qurduğuna çox diqqət edən, işin psixoloji və pedaqoji tərəflərini bilən müəllim seçiriksə, o 100 müəllimdən neçəsi məqbul sayıla bilər. Məncə çox az bir qismi. Müəllimlər özləri də ləhcəylə danışırlar, özlərinin də səs tonunda, söz ehtiyatında problem var. Bəzən mən baxıram bir çox müəllimlərlə ünsiyyətdə oluram. Görürəm ki, adam nitq mədəniyyətinin əsaslarını və ya Azərbaycan dili dərsini tədris edir, heyrət içində qalıram ki, axı özü nitq mədəniyyətinə çox da sahib deyil və ya Azərbaycan dilinin dərinliklərini bilmir. Fərqi yoxdur hansı fənnin müəllimisən. Sən şagirdə, tələbəyə nəyi isə satırsan? Yəni məlumatı satırsan. Söhbət pul qarşılığında aldım-verdim xidmətlərindən getmir. Puldan söhbət gedirsə, zatən sənin funksiyan orada kimisə öyrətməkdir. Ayın sonunda maaş alırsan. Satmaq deyəndə 2 stəkan qoymuşam. İkisində də eyni su var. Bir stəkanım çirklidir, digəri isə büllurdur, tərtəmizdir. Buna 1 manat təyin etmişəm çirkliyə, təmiz olana 5 manat. Kiminsə imkanı varsa gəlib o 5 manatlığı alacaq. Halbuki onun içindəki suyla digərinin tərkibi eyni idi. Şagird və tələbə də belədir. Eyni fəndir. Məsələn səhifə 53. Tutaq ki bugün filan dərsi keçirik. İki fərqli otaqda yenə də iki fərqli müəllim onu tədris eləsin. Birinə şagirdlər maraqla qulaq asacaqlar, digərinə isə səsi, sözü, mimikası, ümumi enerjisi, xitabları hamısı qaydasında yüksək səviyyədədir. Digərində isə ağız tənbəlliyi var, tünd məcaz üz var, aşağı səs tonu var. Şagird yorulur, o artıq "mən bugünkü dərsdən nə öyrəndim?", "öz süngərimə nə hopdurdum?"haqqında düşünmür. Deyir "ay Allah bu nə vaxt qurtaracaq və mən tənəffüsə çıxacam?".
- Bugünkü gənclik daha çox "Ok", "Sorry", "Please" sözlərindən istifadə edir. Yəni bu bir növ müasirlikdir, yoxsa qlamur danışıq tərzinə söykənir?
- "Qlamur" sözü əslində lüğətə düşməyib. Amma ki çox işlək ifadədir. Onsuz da bizim lüğətimiz təmiz türk sözlərindən ibarət deyil. Bu çox normaldır. Bütün dillərdə başqa dillərdən alınmış sözlər mütləq var. Qlamur sözü də işləkdir.
Mən sizə deyim ki, nəinki gənclər, hətta yaşlı adamlar da bundan istifadə edirlər. Rəsmi "Facebook" səhifəmdə bir yaşlı taksi sürücüsü ilə olan yazışmamı "screen" edib paylaşmışdım. "Screen" sözünü yeri gəlmişkən lüğətə salıblar. Sevimli dayının adını orada gizlətmişdim. Yazıram ki, filankəs dayı ... uzun-uzun yazmışam. Sabah mənim işim olduğuna görə zəhmət olmasa oğlumu filan saatda siz götürə bilərsinizmi? Orada turniketin yanında dayanmaq lazımdır. Oğlum yaşıl gödəkçə geyinib. Uzun bir mesaj yazmışam. Dayı oxuyub salamsız, filansız bir dənə "ok" yazmışdı. Mən düşünürəm ki, bir "ok" yazmaqla o dili sevmir. Amma təbii ki qarşı tərəfi nəzərə almaq lazımdır. "Okey" sözü bizim lüğətimizdə yoxdur. Şəxsən mən heç bir zaman yazmamışam. Mütəxəssis olmasaydım da yazmayacaqdım. Mən öz tərzinə hörmət etməyi tərcih edirəm, yəni seçirəm. Bu sənin tərzindir. Yəni "ok" yazırsansa bu səliqəsiz danışıqdır. "Salam", ya da "hər vaxtınız xeyir olsun", "mən sizi başa düşdüm", "yaxşı edərəm" və yaxud nəyə görə etmərəm. Bizim yazdığımız və danışdığımız haqqımızda fikir formalaşdırır.
O vaxt yadımdadır ki, mən evdə kitab şkafını tökdüm, səliqəyə saldım, yerinə yığanda bir kitab tapdım. Kitabı aparıb atamın yanına getdim. Dedim ata bu nədən bəhs edir. O oxudu, rus dilində idi. Kitabın adı belədir: Yediyin üzünə çıxır. Sağlam qidalanmadan bəhs edirdi. Təsəvvür edin 50-ci illərin nəşri idi. Yediyin üzünə çıxır, düşündüyün dilinə gəlir. Sən necə bir insansan? Nitqin, danışığın, üslubun səni dərhal ələ verir. Əgər sən bunu bir müddət ört-basdır etmək istəyirsənsə, maska taxırsansa ola bilər kimisə aldada bilərsən. Amma ilk emosional anında orada bir çat yaranır və əsl həqiqət çölə doğru süzülür. Əgər sən hər zaman mədəni insan kimi görünmək istəyirsənsə, evdə öz həyat yoldaşını, ya da uşaqlarını söyürsənsə, acı sözlər deyirsənsə həqiqət budur. O biri maskalanmaqdır. Mən mövlanənin bir sözünü çox sevirəm. Deyir, ya olduğun kimi görün, ya da göründüyün kimi ol.
Ayşən Vəli