20 Yanvar faciəsi xalqımızın həyatında dönüş nöqtəsi kimi

15 Yanvar 2025 10:58 (UTC+04:00)

Müasir Azərbaycan tarixinin həm faciəli, həm də qəhrəmanlıq səhifəsi olan 1990-cı il 20 Yanvar hadisələri xalqımız üçün dərin izlər buraxmışdır. Ulu öndər Heydər Əliyev həmin hadisələri yüksək dəqiqliklə xarakterizə edərək qeyd edirdi ki, zaman keçdikcə bu günlərin xalqımızın tarixindəki əhəmiyyətini daha yaxşı dərk edəcəyik. Doğrudan da, 20 Yanvar xalqımızın həyatında dönüş nöqtəsi kimi mühüm bir yer tutur.

Artıq bu faciədən 35 il ötür. O günlərdə azadlıq və müstəqillik uğrunda şəhid olan vətən övladları, öz igidlikləri ilə xalqımızın qəhrəmanlıq salnaməsinə şanlı səhifələr yazdılar. Həmin gün xalqın milli birliyi və ləyaqəti qarşısında heç bir güc tab gətirə bilmədi və bu, 20 Yanvarın əhəmiyyətini artıran əsas amillərdən biridir.

20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi və hüquqi qiymət verilməsi ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində mümkün olmuşdur. Hadisələrin ertəsi günü, yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək xalqla bir olduğunu bildirdi. O, faciəyə siyasi qiymət verərək, baş verənləri qanunsuz, antihumanist bir akt kimi dəyərləndirdi. Bu çıxış, Kremlin informasiya blokadasına baxmayaraq, bütün dünyaya yayıldı və siyasi əks-səda doğurdu.

1990-cı ilin iyulunda Vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin ilin noyabrında Naxçıvan Ali Məclisi 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verdi. Bu sənəd Heydər Əliyevin qətiyyətinin təcəssümü kimi tarixə düşdü. Lakin Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illərdə, 1993-cü ilə qədər hakimiyyətdə olanlar bu məsələyə ciddi yanaşmadılar.

Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdıqdan sonra isə 20 Yanvar hadisələrinin mahiyyəti tam açıqlığa qovuşdu. 1994-cü ilin yanvarında keçirilən müşavirədə Heydər Əliyev bu faciənin günahkarlarının hələ müəyyənləşdirilmədiyini vurğuladı və bunun böyük bir tarixi cinayət olduğunu bəyan etdi. Eyni zamanda, həmin il yanvarın 5-də imzaladığı fərmanla Milli Məclisdə xüsusi sessiyanın keçirilməsini tövsiyə etdi. Martın 29-da Milli Məclisin qəbul etdiyi qərarda 20 Yanvar faciəsi totalitar kommunist rejiminin hərbi təcavüzü kimi qiymətləndirildi.

Bu hadisələrin xatirəsi əbədiləşdirildi, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidəsi ucaldıldı və 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi. Şəhid ailələrinin və 20 Yanvar əlillərinin sosial müdafiəsi gücləndirildi. Prezident cənab İlham Əliyev də bu siyasəti davam etdirərək şəhid ailələrinə və əlillərə xüsusi qayğı göstərir. Onlar üçün mənzillər tikilib, reabilitasiya mərkəzləri yaradılıb.

Bu gün azadlıq və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu şaddır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu 30 illik həsrətə son qoyaraq işğal altındakı torpaqları azad edib. Bu ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır və genişmiqyaslı bərpa işləri həyata keçirilir.

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri