Aİ bu imkanları nəzərdən keçirir

15 Yanvar 2025 08:12 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) Rusiyanın mayeləşdirilmiş təbii qazından (LNG) tədricən imtinaya, habelə bu ölkədən alüminium idxalına qadağa qoyulmasına yönəlmiş anti-Rusiya sanksiyalarının 16-cı paketinə daxil edilməsi imkanlarını nəzərdən keçirir. SİA xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, alüminium idxalına məhdudiyyətlər tədricən ola bilər, vaxtı və həcmi isə hələ müəyyən edilməyib.

Rusiya LNG-dən imtina ya sanksiya tədbiri, ya da Aİ-nin fevralda təqdim etmək niyyətində olduğu yol xəritəsinin bir hissəsi kimi həyata keçirilə bilər. 16-cı sanksiyalar paketinin layihəsində Rusiya neftini daşıyan daha onlarla gəmiyə məhdudiyyətlər və hərbi məqsədlər üçün istifadə edilən mallara əlavə ixrac nəzarəti daxildir.

Agentlik qeyd edir ki, Aİ, həmçinin Çin və BƏƏ də daxil olmaqla üçüncü ölkələrin daha çox şirkətinin sanksiya siyahısına daxil edilməsi, habelə Rusiyanın nəqliyyat sektoruna məhdudiyyətlərin qoyulması təkliflərini nəzərdən keçirir.

Tədbirlər layihəsi hələ də Aİ-yə üzv dövlətlər arasında müzakirə mərhələsindədir və rəsmi təqdim edilməzdən əvvəl dəyişdirilə bilər.

Aİ fevralda Rusiyaya qarşı 16-cı sanksiyalar paketini qəbul etmək niyyətindədir.