Bakıdakı Rus evində yaradıcılığı bizi tale, seçim və dəyişikliklər haqqında fəlsəfi düşüncələrə qərq edən rəssam Mehriban Şəmsədinskayanın “Bəxt çarxı” adlı fərdi sərgisinin açılışı olub.
“Bəxt çarxı” daimi hərəkətin rəmzidir. Hər yeni dönüş daha güclü, daha uğurlu və daha yaxşı olmaq üçün fürsət yaradır.
Mən çətin anlarda belə ümid və yenilənmə üçün yerin olduğunu göstərmək istədim”.
SİA-nın məlumatına görə, bunu layihənin müəllifi sərgidən əvvəl bildirib.
M.Şəmsədinskaya öz əsərlərində zəngin simvolizmdən istifadə edərək zəfər anlarının ardınca sınaqlarla, təsadüfi hadisələrin şəxsi məsuliyyətlə bir-birinə bağlı olduğunu çatdırır. Sərginin mərkəzi obrazı insan taleyinin dəyişkənliyini, təsadüflüyünü və kövrəkliyini simvolizə edən bəxt çarxıdır.
Rəsmlər zəngin bir palitrada işlənib, burada parlaq kontrastlar pastel çalarları ilə ahəngdar şəkildə tamamlanır.
M.Şəmsədinskaya 2009-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, “Central Saint Martins” və “Sotheby's İnstitute of Art” kimi nüfuzlu ali təhsil müəssisələrində təhsil alıb, müxtəlif beynəlxalq kursların iştirakçısı və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının doktorantıdır.
Onun yaradıcılığı Paris, London və Bakıda həyata keçirilən beynəlxalq layihələr də daxil olmaqla, bir çox sərgilərdə təqdim olunub.
2010-cu ildə beynəlxalq onlayn sərgidə rəssamın “Solitude in a cage” adlı fotosu “Ən yaxşı texniki ifa” nominasiyası üzrə mükafatlandırılıb.
Rəssam həm də art-terapevt kimi çalışdığı Psixi Sağlamlıq Mərkəzində “Xoşbəxtlik ağacı” art-obyektinin müəllifi kimi tanınır. Onun sənətinə rəssamlıq, videoart və insan qavrayışının sərhədlərini araşdıran konseptual qurğular daxildir.
O deyib ki, onun fəaliyyəti həm Azərbaycanda, həm də xaricdə qazanılmış təcrübəyə əsaslanır. Bu, ona həm incəsənət dünyasında aktual olmağa, həm də art-terapiya istiqamətini fəal şəkildə inkişaf etdirməyə kömək edir.
“Mən həqiqətən də hesab edirəm ki, incəsənət sağaldır. Art-terapiya vasitəsilə insanlara harmoniya tapmağa və özlərini ifadə etməyə kömək edirəm. Hər bir insan şəkil çəkməlidir - bu, təkcə yaradıcılıq deyil, həm də daxili duyğuların öhdəsindən gəlmək üçün bir yoldur”, - deyə istedadlı rəssam sözlərini yekunlaşdırıb.