Avropa İttifaqı (Aİ) Ukraynaya humanitar yardım və Moldovada ukraynalı qaçqınlar üçün həyata keçirilən layihələrə 148 milyon avro ayırıb. Bununla da Avropa İttifaqının humanitar yardımı 1,1 milyard avroya çatıb.
SİA bu barədə Avropa Komissiyasının məlumatına istinadla xəbər verir.
“Müharibə Ukraynanı viran etməkdə davam etdiyindən, təxminən 12,7 milyon insanın təcili yardıma ehtiyacı var”, - deyə məlumatda deyilir.
Xüsusən, Ukraynada humanitar layihələrə 140 milyon avro ayrılıb. Maliyyələşdirmə ərzaq, sığınacaq, təmiz su, səhiyyə və qış vaxtı mühafizə də daxil olmaqla, təcili yardıma yönəldiləcək. Əsas prioritetlər Ukraynanın müharibədən güclü zərər çəkmiş bölgələrində həssas əhali qruplarının dəstəklənməsidir.
Bundan əlavə, Moldovada humanitar layihələrə 8 milyon avro ayrılıb. Dəstəyin əsas məqsədi ukraynalı qaçqınlara və onları qəbul edən Moldova icmalarına yardımın göstərilməsidir.
Hazırlıq, böhranların idarə edilməsi və bərabərlik üzrə komissar Haca Labib kritik yardım göstərmək üçün Aİ səylərini dəstəkləmək məqsədilə yanvarın 13-də Ukraynaya gəlib. Səfər zamanı onun Prezident Volodimir Zelenski və yüksəkvəzifəli məmurlarla görüşərək təcili humanitar problemləri və Aİ yardımının strateji paylaşdırılmasını müzakirə edəcəyi gözlənilir. O, həmçinin Aİ-nin humanitar yardımından faydalanan şəxslər və yerli tərəfdaşları ilə görüşəcək.