ING Azərbaycan üçün inflyasiya proqnozunu yeniləyib

13 Yanvar 2025 12:11 (UTC+04:00)

Niderlandın “ING Group”u bu il üçün Azərbaycanda orta illik inflyasiyanın 4,4 %, 2026-cı ildə isə 4,5 % səviyyəsində olacağını proqnozlaşdırır. Bu barədə SİA şirkətin açıqladığı proqnozlara istinadən xəbər verir ki, şirkətin bundan əvvəlki gözləntilərinə nisbətən bu il üçün açıqlanan yeni proqnoz 0,3 faiz bəndi artıb. 2026-cı il üçün inflyasiya proqnozu isə ötən ilin dekabrındakı gözləntilərlə eynidir.

Proqnoza əsasən, 2025-ci ilin birinci rübündə Azərbaycanda orta illik inflyasiya 5 %, ikinci rübdə 5,3 %, üçüncü rübdə 3,5 %, dördüncü rübdə isə 3,7 % nəzərdə tutulub.

“ING Group” Azərbaycanda 2026-cı ilin son rübündə orta illik inflyasiyanın 5,4 % olacağını proqnozlaşdırır.

İqtisadiyyat Nazirliyi 2025-ci ildə ölkədə illik inflyasiyanın 4,6 %, 2026-cı ildə isə 4 % olacağını gözləyir. Azərbaycan Mərkəzi Bankının son proqnozlarına (2024-cü ilin oktyabrında) görə, Azərbaycanda 2025-ci ildə illik inflyasiya 5,8 % olacaq.

Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, Azərbaycanda bu il orta illik inflyasiya 3,6 %, 2026-cı ildə 3,1 % olacaq.

Qeyd edək ki, Azərbaycanda ötən ilin 11 ayında orta illik inflyasiya 2 % təşkil edib.