Zal nəzarətçisi qismində imtahanlarda iştirak edəcək şəxslər üçün təlimlərə yanvarın 13-də başlanılır. Dövlət İmtahan Mərkəzindən (DİM) SİA-ya bildirilib ki, təlimlərə təcrübəsi az olan və imtahanlarda nəzarətçi qismində ilk dəfə iştirak edəcək şəxslər cəlb olunurlar.
Yanvarın 31-dək davam edəcək təlimlər Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən aparılacaq. Təlimlər respublikanın bütün şəhər və rayonlarında keçiriləcək və 3915 zal nəzarətçisinin bu prosesdə iştirak edəcəyi gözlənilir.
Təlimlər:
– nəzarətçilərin fərdi keyfiyyətləri ilə yaxından tanış olmaq;
– şəxsi anket məlumatlarını dəqiqləşdirmək;
– onlara imtahan texnologiyalarını və imtahanın gedişi ilə bağlı prosedur qaydalarını mənimsətmək;
– imtahan iştirakçıları auditoriyasının – imtahan zalının idarə olunmasında peşəkarlığın əldə olunması baxımından mühüm olan məqamları izah etmək;
– imtahanın gedişində rast gəlinəcək problemlərin həlli yollarını izah etmək;
– nəzarətçi–iştirakçı, nəzarətçi–imtahan rəhbəri münasibətlərinin tənzimlənməsində əsas tutulmalı qaydaları onların diqqətinə çatdırmaq;
– xüsusi hallarda onların operativ qərar qəbuletmə qabiliyyətlərini interaktiv üsullarla – sorğu-suallarla ortaya çıxarmaq məqsədilə keçirilir.
Təlimlər ayrı-ayrı rayonlar (şəhərlər) üzrə 15-20 nəfərlik qruplarla həyata keçiriləcək.
Qeyd edək ki, “Nəzarətçilərin elektron qeydiyyatı” sistemində ümumilikdə 14753 zal nəzarətçisi haqqında məlumat var. Bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda iştirak edən və göstəriciləri yaxşı olan digər müəllimlər üçün də bu il keçiriləcək imtahanlara təyinat aldıqdan bir neçə gün sonra təlimlər keçirilməsi nəzərdə tutulur.
Təlimlərin qrafiki ilə DİM-in saytından tanış ola bilərsiniz. Təlimlərdə iştirak edəcək zal nəzarətçilərinin siyahısı nəzarətçilərin elektron qeydiyyatı sistemi vasitəsilə rayon və məktəb üzrə əlaqələndiricilərə təqdim olunur.