Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) “World Business Outlook” platforması tərəfindən Sinqapurda təşkil olunan müsabiqədə 3 kateqoriya üzrə birincilik əldə edib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Mərkəz “Avropanın ən yaxşı rəqəmsal innovasiyalar mərkəzi - 2024”, “Avropanın aparıcı sosial texnologiyalar provayderi - 2024” və “Ən etibarlı sosial texnologiya xidmətləri provayderi-2024” kateqoriyalarında qalib olub.
Müsabiqəyə müraciət zamanı DOST RİM-in sosial sahə üzrə rəqəmsal xidmətləri, uğurları, həmçinin ölkəmizdə sosial sahədə tətbiq olunan proaktiv həllər barədə məlumatlar təqdim edilib.
Müsabiqədə ölkəmizlə yanaşı, Yaponiya, Çin, Malayziya, İtaliya, Almaniya, Səudiyyə Ərəbistanı, Sinqapur və s. kimi digər ölkələrdən 150-ə yaxın nüfuzlu qurum, o cümlədən bir sıra qlobal şirkətlər təmsil olunub.
Qeyd edək ki, “World Business Outlook” qlobal biznes meyilləri, iqtisadi proqnozlar və bazar gözləntiləri haqqında məlumat verən hesabat və sorğu platformasıdır. Platforma biznes və maliyyə sektorunda müstəsna nailiyyətlərin, əhəmiyyətli töhfələrin tanıdılması üçün illik əsasda müsabiqələr keçirir.