"Əlindən bir iş gəlməyən avaralar indi də Ləman xanımın üzərinə gəlirlər" - EKSPERT KİMLƏRİ TƏNQİD ETDİ?

13 Yanvar 2025 10:43 (UTC+04:00)

"Çox təəssüflər olsun ki, cəmiyyət sanki bütün gərginlik və qıcıqlığını məmura qarşı etiraz edə bilmədiyi halda, sadə peşə adamlarına qarşı dəhşətli nifrətini o dəqiqə sosial şəbəkələrdə yağışa çevirir. Onlar qəzəbini öz sahəsinin peşəkarlarının üzərinə yönəldirlər" Bu sözləri SİA-ya açıqlamasında yazıçı kulturoloq, analitik ekspert Aydın Xan Əbilov deyib.

Aydın Xan Əbilov sözlərinə belə davam edib: "Tanınmış cərrah, mama-ginekoloq Ləman Əliyevanın başına gələn hadisədən fikrimi izah etmək istəyirəm. Ləman xanım özü də bu barədə açıqlama verib. Həmin cərrahi əməliyyat bitdikdən və tikişlər vurulduqdan sonra kollektivdə çalışan tibb bacıları tibbi geyimdə kiçik bir sürpriz ediblər. Bu hadisəni cəmiyyət o dəqiqə yayaraq səs-küy yaradıb. Bunu nifrət subyektinə çevirən mənasız qara kütlə başladı yüzlərlə ailəni xilas etmiş, onlara övlad bəxş etmiş peşəkar ginekoloqa hücum etdilər. Xalqa xidmət edən həkimə qarşı olan bu nifrəti mən heç cür anlaya bilmirəm.

Bəli, mən razıyam ki müəyyən strelizasiya olunmuş əməliyyat otaqlarına başqalarının daxil olmağı düzgün deyil. Amma burada biz görürük ki, elə də böyük bir əməliyyat deyil. Burada qəbahət nə var? Həkim ki pasienti öldürməyib. O öz vəzifəsini yerinə yetirdikdən sonra sürprizi xoş qarşılayıb. Adam doğum günündə belə xəstəsini diqqətdən kənar qoymayıb. Ona "çox sağol" demək əvəzinə əlindən bir iş gəlməyən avaralar indi də Ləman xanımın üzərinə gəlirlər. Bəlkə də bu surpriz Ləman xanımın öz ailəsi etsə, az da olsa mən də qınayardım. Amma bu sürprizi edənlər kollektivin tibb işçiləridir.

Məktəblərdə də belədir. Şagirdlər peşmandırlar ki, bir müəllimə nəysə hədiyyə etsinlər. Həmin an o müəllimi top atəşinə tuturlar. Halbuki həmin müəllim şagirdlərin sevgisini qazanıb və onlar da bu səbəbdən müəllimə hədiyyə edirlər. Buna bir çox misal çəkmək olar. Adi məktəblilərin musiqi qoyub oynaması belə qınanır. Düzdür, bu bayağı musiqi ola bilər. Amma gəlin etiraf edək ki, kim bütün günü klassik musiqi dinləyir!?Məgər dünyada, belə bayağı dinləyən gənclər yoxdur?! Ya bizim ailəmizdə belə uşaqlar yoxdur?!

Biz niyə peşəkarları belə hörmətdən salırıq?! Niyə avaraların başımızın üzərinə tac qoyuruq, amma peşəkarları məhv etməyə çalışırıq?! Biz bu təfəkkürə qarşı mübarizə aparmalıyıq. Bu sadəcə biyabırçılıqdır. Guya məmurlar özləri ideal işləyir ki, işinin peşəkarı olan həkimə irad bildirirlər?

Azərbaycanda yaxşı həkimlərin sayı barmaqla sayılacaq qədərdir. Onları bezdirmək lazım deyil. 10 minə yaxın həkim Azərbaycanı tərk edib. Onların zamanında əməyinə verilməyən qiymət həkimləri buna vadar edib. Xalq öz intellektual adamlarını qamçılamamalıdır. O da insandır, səhv edə, yanıla bilər".

Ayşən Vəli