SİA-nın məlumatına görə, xarici işlər naziri Hakan Fidan "Türkiyə olaraq Suriya xalqının qarşısında duran çətin yolu asanlaşdırmaq üçün üzərimizə düşəni etməyə hazırıq"- deyib
Hakan Fidan Ərəb Liqasına üzv ölkələrin iştirakı ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Suriya mövzusundakı toplantıda iştirak edib. Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, nazir iclasda Suriyanın yeni rəhbərliyinin Xarici işlər naziri Əhməd Əş-Şeybaninin də iştirakının "dönüm nöqtəsi və tarixi bir an olduğunu" bildirib. O, bölgə ölkələri olaraq Suriyadakı proseslərin düzgün istiqamətləndirilməsində ən böyük məsuliyyətin daşıdığını vurğulayaraq normallaşma əlamətlərinin hər keçən gün daha da gücləndiyinə diqqət çəkib.
Hakan Fidan "Bu kritik dövrdə beynəlxalq ictimaiyyətin gözləntiləri ilə Suriyanın yeni rəhbərliyinin qarşılaşdığı reallıqlar arasında tarazlayıcı bir güc kimi hərəkət etməliyik" deyə qeyd edib. O, səylərin daha effektiv olması üçün koordinasiya mexanizmi və ya komitələrin yaradılmasının faydalı ola biləcəyini vurğulayıb və gələcəkdə sanksiyalardan daha çox azadlıq təmin etmək üçün prioritet sektorların müəyyən edilməsinin zəruri olduğunu bildirib.
Suriyanın ərazi bütövlüyü və birliyinin qorunmasının əsas diqqət mərkəzi olmağa davam etməli olduğunu vurğulayan Fidan "Əgər SDG (Suriya Demokratik Gücləri - PKK/YPG-nin Suriyada istifadə etdiyi ad) mərkəzi rəhbərliklə inteqrasiya səylərində səmimidirsə, buraxıldığını elan etməlidir" deyə əlavə edib. Nazir terror təşkilatının Fəratın şərqindəki ərəb çoxluğu üçün ciddi təhlükə yaratmağa və Suriya xalqının ən çox ehtiyac duyduğu təbii resursları talamağa davam etdiyini xatırladaraq belə deyib: "Yeni rəhbərliyin İŞİD-lə effektiv mübarizə qabiliyyətini gücləndirmək üçün birlikdə çalışa bilərik. Türkiyə olaraq Suriya xalqının qarşısında duran çətin yolu asanlaşdırmaq üçün üzərimizə düşəni etməyə hazırıq."