Qarayazı Dövlət Təbiət Qoruğundan - REPORTAJ

12 Yanvar 2025 18:28 (UTC+04:00)

Ölkəmizdəki Tuqay meşələrinin böyük hissəsi Qarayazı Dövlət Təbiət Qoruğunun ərazisindədir. Ağstafa rayonunda Kür çayı sahilində yerləşən qoruq Gürcüstanla sərhəddə qədər ərazisini əhatə edir.

Qoruğun qış görüntüləri olduqca gözoxşayandır. Buranın flora və faunası da çox zəngindir. Qarayazı qoruğu maraqlı meşə quruluşuna malikdir. Hazırda qış olduğundan meşə sanki sükuta qərq olub. Aradabir çaqqal, tülkü və digər yırtıcı heyvanlar gözə dəysə də insan hənirtisini duyar-duymaz gözdən itir...

46 ildir mövcud olan qoruğunun ərazisi 9 min 658 hektardır. Kür çayından uzaqlaşdıqda qoruğun ərazisindəki ekoloji mühit də fərqlidir. Burda dərinliyə doğru hərəkət etdikcə bitki örtüyünün də müxtəlifliliyini görmək mümkündür. Azərbaycanda Tuqay meşə sahələrinin böyük əksəriyyəti məhz qoruğun ərazisində saxlanılmışdır.

Kür çayının sol sahilində, Qarayazı düzənliyində yerləşən qoruqda hazırda nadir fauna növlərindən nəcib maral, çöl donuzu, canavar, porsuq, dovşan və digər heyvanlar var. Quş növlərindən isə adı “Qırmızı kitab”a düşən Qafqaz qırqovulu, qara leylək, alabaxta, qaratoyuq və bir çox qanadlılar mövcuddur.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Qarayazı Dövlət Təbiət Qoruğunda direktoru Vüqar Tağıyev qoruqla bağlı geniş məlumat verib.

“Köçəri quşlardan ördəklər daha çox qış mövsümündə qoruq ərazisində məskən salırlar. Çünki burada olan qida zənginliyi və təhlükəsizlik köçəri quşların qış fəslini qoruğun ərazisində keçirməsinə şərait yaratmış olur. Qoruq Ağstafa rayonunun inzibati ərazisində yerləşir. Qoruqda ötən il qazıntı mühafizə kanalının çəkilməsi mümkün olmayan ərazidə 850 metr dəmir tordan çəpər və 3,2 km mühafizə kanalı çəkilmişdir. Ərazidəki su kanallarında da lildən və palçıqdan təmizləmə işləri aparılmışdır”- deyə Vüqar Tağıyev bildirib.

Qoruq ərazisinin mikrorelyefi, geomorfoloji xüsusiyyətləri, Kür çayının yaxınlıqda yerləşməsi və onun meşəyə təsiri burada torpaq mühitinin də dəyişməsinə səbəb olub. Eyni zamanda qrunt suları da bu ərazilərdə səthə yaxın yerləşir. Ona görə də, bu, ərazilərdə allüvial bataqlıq, allüvial-çəmən, allüvial-çəmən-meşə torpaqlarının formalaşmasına gətirib çıxarıb.

Qoruq ərazisi çox hissəsini meşə ilə örtülü, az hissəsini isə meşə ilə örtülü olmayan sahə təşkil edir. Yay mövsümündə, eləcə də digər mövsümlərdə ərazinin yanğından mühafizəsinə xüsusi diqqət yetirilir.

“Yay mövsümündə quraqlıq səbəbindən yanğın təhlükəsi artdığına görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir çox avadanlıqlarla təmin olunmuşuq. İki ədəd daşınan su nasosu, 8 ədəd yermak, 15 ədəd dəmir süpürgə qoruq ərazisindəki dayaq nöqtələrində əməkdaşlara paylanılıb. Qoruğumuzun mühafizəsi 6 sahə müfəttişi və 20 mühafizə yegeri tərəfindən təmin olunur”- deyə V.Tağıyev vurğulayıb.

Kür çayı boyunca izlədikdə geniş kolluqları gömək olur. Buranı söyüd, iydə kolları, yemişan və müxtəlif növ bitkilər əhatə edir.

Qoruğun ərazisində bir çox uzunömürlü ağac növlərinin olduğunu söyləyən Vüqar Tağıyevin sözlərinə görə, hazırda ərazisində 80-100 yaşı olan qovaq ağacları vardır:

“Qoruğun əsas vəzifələrindən biri buradakı heyvanat aləmini qorumaq, eyni zamanda, onların yaşam tərzi üçün mövcud olan şəraiti olduğu kimi saxlamaqdır. Qoruq əməkdaşları burada gündəlik olaraq nəzarət işlərini həyata keçirirlər”.

Qoruq ərazisində zərərvericilərə qarşı quraşdırılan qurğular da vardır ki, onlar vasitəsilə meşədə hansı zərərverici həşaratların olması müəyyən edilir. Burada, hətta həmişə sevilən bülbül də qorunur. Suda-quruda yaşayanlardan göl və quru qurbağaları, bataqlıq tısbağası, sürünənlərdən müxtəlif ilanlar və kərtənkələlər də vardır. Qoruq ərazisindəki bir çox balıq növləri də Kürün daimi sakinləridir.