Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdarə Edilməsi Agentliyinin (AFAD) koordinasiyası ilə humanitar yardım daşıyan 21-ci "Xeyirxahlıq qatarı" Əfqanıstana çatıb.
SİA-nın məlumatına görə, "Xeyirxahlıq qatarı" Herat vilayətində Türkiyənin Herat Baş konsulu Sinan İlhan, Türk Qırmızı Aypara Cəmiyyətinin baş katib müavini Şükrü Can, Əfqan Qırmızı Aypara Cəmiyyətinin sədr müavini Şahabəddin Dilavər və çoxsaylı türk və əfqan rəsmiləri tərəfindən qarşılanıb. Qatarda Əfqanıstana göndərilən 4 min çadır, 43 min yorğan, 5 min ailə mətbəx dəsti, 10 min ərzaq bağlaması ilə un, geyim, gigiyena və sığınacaq materiallarından ibarət təxminən 730 tonluq humanitar yardım ölkənin müxtəlif bölgələrində möhtac ailələrə çatdırılacaq.
Türkiyənin Kabildəki Səfirliyinin “X” sosial media platformasındakı hesabından verilən açıqlamada dərman, ərzaq kimi əsas humanitar yardım materiallarının yanaşı, əfqan xalqının qış mövsümünün çətin şəraitində ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulmuş yardımların yaxın günlərdə ölkənin 34 vilayətində paylanacağı bildirilib. Açıqlamada "Türk xalqının qardaş əfqan xalqına dəstəyinin rəmzi olan “Xeyirxahlıq qatarı” səfərləri ilə Türkiyə hər zaman olduğu kimi ehtiyac duyulduqda Əfqanıstanın yanında olmağa davam edəcək" ifadəsinə yer verilib.
AFAD-ın koordinasiyası ilə göndərilən qatar 20 dekabrda Ankaradan Əfqanıstana doğru yola düşmüşdü. Türkiyədən Əfqanıstana göndərilən 21-ci "Xeyirxahlıq qatarı" ilə çatdırılan humanitar yardımın ümumi həcmi 10 min tona yaxınlaşıb.