Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin Qəzzaya planlaşdırılan yardım əməliyyatlarının bəzilərinin həyata keçirilməsinə mane olduğunu açıqlayıb.
SİA-nın məlumatına görə, BMT-nin sözçüsü Stefan Dujarrik keçirdiyi gündəlik mətbuat konfransında Qəzzadakı vəziyyəti qiymətləndirib.
Stefan Dujarrik İsrailin dünən Qəzzaya daha əvvəl planlaşdırılan 21 yardım əməliyyatından yalnız 10-na icazə verdiyini bildirib. O, digər əməliyyatların qarşısının alındığını söyləyərək "İsrail səlahiyyətliləri BMT-nin Qəzzaya yardım səylərinə mane olmağa davam edir" – deyə qeyd edib.
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) azalan yanacaq tədarükü ilə bağlı narahatlığını ifadə edən Stefan Dujarrik yanacaq çatışmazlığı səbəbindən telekommunikasiya xidmətlərində fasilələrin yaranacağını vurğulayıb.
İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdəki vəziyyətlə bağlı məlumat verən Stefan Dujarrik 2025-ci ilin ilk həftəsində “şiddətli mənzərənin” ortaya çıxdığını bildirib. O, İsrail qüvvələrinin biri uşaq olmaqla 3 fələstinlini öldürdüyünü və 38 nəfərin yaralandığını qeyd edib.