Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev yanvarın 11-də bu ölkənin xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə əsasən ikitərəfli gündəlikdəki cari məsələlər diqqət mərkəzində olub. Bu kontekstdə xarici işlər nazirinin Azərbaycana rəsmi səfərinin təfərrüatları, o cümlədən Azərbaycan ilə Gürcüstan arasında Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti 10-cu iclasının keçirilməsi məsələsi müzakirə edilib. Tərəflər ölkələrimiz arasında strateji tərəfdaşlığın geniş spektrini bir daha müsbət qiymətləndiriblər.
Həmçinin ticarət-iqtisadi, nəqliyyat və enerji sahələrində uğurlu əməkdaşlığa xüsusi diqqət yetirilib.
Söhbət zamanı regionun dinc və sabit inkişafının vacibliyi qeyd edilib.
Tərəflər Gürcüstan və Azərbaycan arasında nümunəvi strateji əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.