Bu gün Ümumdünya Qoruqlar və Milli Parklar Günüdür. 1917-ci il yanvarın 11-də dünyada ilk dəfə Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal gölü üzərində Barquzin Dövlət Qoruğu yaradılıb. SİA xəbər verir ki, bu təqvim günü 1997-ci ildən etibarən Ümumdünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə qeyd olunur.
Bu günün keçirilməsində məqsəd biomüxtəlifliyin, təbii ekosistemlərin qorunmasında və planetin rifahının təmin edilməsində milli parklar və qoruqlar kimi mühafizə olunan təbiət ərazilərinin əhəmiyyətini vurğulamaqdır.
Azərbaycanın xüsusi mühafizə olunan təbiət əraziləri
Hazırda Azərbaycanda 893 min hektar sahəni əhatə edən mühafizə olunan təbiət əraziləri var. Bunlardan 10-u milli park, 10-u dövlət təbiət qoruğu, 24-ü dövlət təbiət yasaqlığıdır. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,31 faizini, ayrılıqda milli parklar ölkə ərazisinin 4,87, dövlət təbiət qoruqları 1,39, dövlət təbiət yasaqlıqları isə 4,05 faizini təşkil edir. Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir.
Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasına 1910-cu ildən başlanılıb. 3 min 500 hektar sahədə yaradılmış Eldar şamı Botaniki Yasaqlığı Azərbaycanın, eləcə də Cənubi Qafqazın ilk xüsusi mühafizə olunan təbiət ərazisi hesab edilir. İlk qoruq 1925-ci ildə yaradılmış Göygöl Dövlət Təbiət Qoruğu, ilk milli park isə 2003-cu ildə yaradılmış Həsən Əliyev adına Zəngəzur Milli Parkıdır. 2018-ci ildə yaradılan ən sonuncu milli park isə 100 hektaradək ərazini əhatə edən Qızılağac Milli Parkıdır.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında “Zaqatala-Balakən bioloji rezervatı”nın və Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun bazasında geoparkların yaradılması təşəbbüsləri irəli sürülüb. Hər iki layihənin icrası davam edir. Həmçinin İlisu Dövlət Təbiət Qoruğuna Milli Park statusunun verilməsi və Axar-baxar dağ silsiləsində yeni Milli Parkın yaradılması üçün işlər görülür. Bundan əlavə, Acınohur çölündə milli parkın yaradılması da planlaşdırılır.
2023-cü il sentyabrın 17-də UNESCO-nun Ümumdünya İrs Komitəsi Azərbaycanın Hirkan meşələrini UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edib.
Xüsusi mühafizə olunan təbiət ərazilərindən - Bəsitçay, Qaragöl dövlət təbiət qoruqları, Laçın, Qubadlı, Daşaltı, Arazboyu dövlət təbiət yasaqlıqları işğaldan azad edilmiş ərazilərdə yerləşir. Təəssüf ki, 30 ilə yaxın davam edən işğal dövründə həmin təbiət ərazilərinə ciddi ziyan vurulub. Lakin torpaqlarımız işğaldan azad edilən kimi həmin ərazilərdə yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərinin də bərpası istiqamətində işlərə başlanılıb. Belə ki, dövlət başçısının müvafiq Sərəncamına uyğun olaraq Bəsitçay Dövlət Təbiət Qoruğunun yenidən bərpa olunması ilə bağlı tədbirlər görülür. Ərazilər minalardan təmizləndikcə digər qoruq və yasaqlıqların bərpası, həmçinin onlara dəymiş ziyanın daha dəqiq hesablanması istiqamətində tədbirlər davam etdiriləcək.
Milli parklarda 116 ekoturizm marşrutu mövcuddur
Milli parklar xüsusi mühafizə edilən təbiət əraziləri olmaqla, ətraf mühitin, bioloji müxtəlifliyin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində Azərbaycanın beynəlxalq səviyyədə götürdüyü öhdəliklərin yerinə yetirilməsində xüsusi əhəmiyyət kəsb edir. Ölkə üzrə rəngarəng təbiət komplekslərinə malik 10 milli park fəaliyyət göstərir və hər gün ekoloji turizm həvəskarları üçün açıqdır. Milli parklarda meşə, dağ, dəniz və digər təbii ekosistemləri əhatə edən 116 ekoturizm marşrutu mövcuddur.
Ötən il ərzində ölkənin müxtəlif ərazilərini əhatə edən milli parklarımızı 224 min 638 turist ziyarət edərək təbiətin bizə bəxş etdiyi gözəlliklərdən zövq alıb. Ən çox ziyarət olunan milli parklar arasında ilk üçlükdə Göygöl, Şahdağ və Abşeron milli parkları yer alıb.
Qeyd edək ki, bu gün ölkə ərazisindəki bütün milli parklarda “Açıq qapı” günü elan olunub. Hər kəs Azərbaycanın müxtəlif bölgələrində yerləşən milli parklara gəlməklə burada füsunkar təbiət ərazilərindən zövq ala və səmərəli gün keçirə bilər.