Zelenski və Bayden arasında telefon danışığı olub

11 Yanvar 2025 02:35 (UTC+04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Co Baydenlə danışıb. Onlar eyni anda bir neçə vacib mövzunu müzakirə ediblər. SİA bu barədə Ukrayna Prezidentinin teleqram səhifəsinə istinadla məlumat yayıb.

"Mən Baydenlə danışdım. Kaliforniyada baş verən dəhşətli yanğınlar, insanların itkisi ilə bağlı başsağlığı verdim. İnsanların həyatını yanğından xilas etməyə və meşə yanğınlarının yayılmasının qarşısını almağa kömək edən amerikalıların qəhrəmanlığını qeyd etdim", - Zelenski deyib.

Dövlət başçısı, ilk növbədə Ukraynaya və onun müstəqilliyinə verdiyi dəstəyə və beynəlxalq ictimaiyyətin konsolidasiyasına görə Baydenə təşəkkür edib.

Hər iki ölkənin liderləri ABŞ-ın Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyalar paketinin təfərrüatlarını müzakirə ediblər. Liderlər, həmçinin döyüş meydanındakı vəziyyəti, Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə ediblər.

Zelenski qeyd edib ki, ukraynalıların əlində olan “Patriot” sistemləri öz effektivliyini sübut edib, ona görə də bu qüvvənin artırılması lazımdır.

"Prezident Baydenin dediyini yüksək qiymətləndiririk: Ukraynanın müstəqilliyinin qorunması bütün Avropa və demokratik dünya üçün vacibdir. Biz qətiyyətlə möhkəm dayanıb, xalqımız və ölkəmiz üçün davamlı sülhə nail olacağıq", - deyə Zelenski vurğulayıb.