Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 145 və 147 nömrəli şəhərətrafı müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.
SİA-nın məlumatına görə, AYNA-dan bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Müsabiqə üçün sənədlər 8 fevral 2025-ci il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində qəbul ediləcək.
Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən 145 nömrəli şəhərətrafı (Mehdiabad qəsəbəsi – “Ulduz” metrostansiyası) və 147 nömrəli şəhərətrafı (Məmmədli qəsəbəsi – “Azadlıq prospekti” metrostansiyası) avtobus marşrutları üzrə 2 Lotda martın 4-də baxılacaq.